Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polis rəisi, bu gün istefa verən general-mayor Aşot Zakaryanın hərbi karyerası Azərbaycan ərazilərinə qarşı aparılan hərbi əməliyyatlarla bağlıdır.
Turkustan.az xəbər verir ki, erməni mənbələrində Zakaryanın Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərində gedən döyüşlərdə iştirak etdiyi, “Kumayri” adlı könüllü dəstənin yaradılmasında rol oynadığı və 1992-ci il mayın 8-də Şuşanın işğalı ilə nəticələnən döyüşlərdə iştirak etdiyi bildirilir.
Zakaryanın Şuşanın işğalına görə Ermənistan tərəfindən təltif edildiyi barədə də məlumatlar yer alır.
Zakaryan 1993-cü ildən Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polis sistemində xidmət edib. 1993–2003-cü illərdə Gümrü Hərbi Polis şöbəsinə rəhbərlik edib. Daha sonra müxtəlif vəzifələrdə çalışıb.
2020-ci il avqustun 6-da Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polis rəisi təyin edilən Zakaryan həmin ilin avqustunda Xankəndidə Ermənistanın müdafiə naziri David Tonoyanın Qarabağdakı erməni hərbi rəhbərliyi ilə keçirdiyi görüşdə iştirak edib. Görüşdə hərbi əməkdaşlıq və ordu quruculuğu məsələləri müzakirə olunub.
2021-ci ildə Zakaryana general-mayor rütbəsi verilib. /bakivaxti.az/