Zeynəb Xanlarovanın “Yerevan” mahnısının müəllifləri kimdir? İki məşhurun adı çəkilir – VİDEO


SSRİ Xalq artisti Zeynəb Xanlarovanın illər əvvəl ifa etdiyi “Yerevan” mahnısı son günlər sosial şəbəkələrdə yenidən gündəmə gəlib. Mahnının müxtəlif platformalarda paylaşılması onun ifaçısı ətrafında müzakirələrə səbəb olub.

“Yerevan” ötən əsrin 60-70-ci illərində ortaya çıxıb. Sosial şəbəkə istifadəçilərinin bir qismi Zeynəb Xanlarovanın həmin mahnını ifa etməsini tənqid edir, digər qisim isə əsərə dövrün reallıqları kontekstində yanaşmağın vacibliyini bildirir. Qeyd olunur ki, mahnının səsləndirildiyi dövrdə Azərbaycan–Ermənistan münasibətlərində indiki siyasi reallıqlardan fərqli mərhələ idi, xalqlar sülh şəraitində yaşayırdılar.

Müzakirələr fonunda mahnının yaranma tarixçəsi, müəllifləri və hansı şəraitdə meydana gəldiyi də maraq doğurur.

Mənbələrdə qeyd olunur ki, “Yerevan” mahnısının sözləri Hüseyn Hüseynzadəyə, musiqisi isə Ələkbər Tağıyevə aiddir. Ələkbər Tağıyev Azərbaycan mahnı yaradıcılığında tanınmış bəstəkrlardandır.

Onun yaradıcılığı Azərbaycan estrada və mahnı janrının inkişafında mühüm yer tutur.

“Yerevan” mahnısının müəllifliyi ilə bağlı başqa sosial şəbəkələrdə və ayrı-ayrı paylaşımlarda mahnının erməni mənşəli olduğu və ya erməni bəstəkarları tərəfindən yaradıldığı barədə iddialar da səsləndirilir. Lakin bu iddianı təsdiqləyən mötəbər ilkin mənbə ortaya qoyulmadan əsəri erməni müəllifliyinə aid etmək düzgün olmaz.

Hazırda sosial şəbəkələrdə əsas müzakirə isə başqa sual ətrafındadır: illər əvvəl ifa edilmiş bu mahnıya bugünkü Azərbaycan–Ermənistan münasibətləri kontekstindən yanaşmaq nə dərəcədə doğrudur?

Məsələ yalnız bir mahnının ifası deyil, eyni zamanda sənət əsərlərinə dövrün siyasi və tarixi reallıqları nəzərə alınmaqla yanaşma məsələsini də gündəmə gətirir.

Bir çox ekspertlər bildirirlər ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra da iki xalq arasında münasibətlər uzun müddət soyuq qalacaq. Çünki Ermənistan dövləti və separatçı ermənilər azərbaycanlılara qarşı son 40 ildə ağır müharibə cinayətləri törədiblər, soyqırımına məruz qoyublar. Ona görə də iki xalq arasında mədəni əlaqələr üzərindən yaradılan səmimi mühitin tezliklə bərpası mümkün görünmür./globalinfo.az


MANŞET XƏBƏRLƏRİ