20 yaşlı 3-cü arvad, subay spiker, qalmaqallı toyu olan nazir – ERMƏNİ RƏSMİLƏRİN AİLƏ HƏYATI


Təxminən 10 gün əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanın (sabiq) arvadı Anna Akopyan “Instagram”da video yayaraq təhdid edildiyini bəyan etmişdi. Həmin videoda özünü “Birinci xanım” adlandırmasından sonra bir çoxları baş sındırmağa başlayıb: Nikol və Anna barışıblar? Onlar hələ də ər-arvaddır?

2018-ci ildə Ermənistanda baş vermiş “məxməri inqiabla” hakimiyyətə gələn siyasi qüvvənin təmsilçiləri tez-tez xanımları ilə gündəmə gəlirlər.

Kimdən başlayaq? Elə Nikol Paşinyandan...

Ermənistan Baş nazirinin arvadı Anna Akopyan ixtisasca jurnalistdir. Uzun illər Paşinyanın təsis etdiyi "Haykakan Jamanak" ("Erməni Vaxtı") qəzetində müxbir işləyib, 2018-ci ildən isə nəşrin baş redaktoru vəzifəsini icra edir.

O,"City of Smile" və "My Step" xeyriyyə fondlarına rəhbərlik edərək ictimai layihələrə başçılıq edir. 2018-ci ildə "Sülh Naminə Qadınlar" kampaniyasını irəli sürsə də, 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı qadınlardan ibarət "Erato" könüllü hərbi dəstəsini formalaşdırması və komandanlıq bunkerində görünməsi ilə ciddi siyasi tənqidlərin hədəfinə çevrilib. Cütlüyün 4 övladı var.

Ermənistan Prezidentinin arvadı Anahit Minasyandır. O, Minasyan uzun illər bank-maliyyə sahəsində fəaliyyət göstərib və təcrübəli bank mütəxəssisidir. O, dövlət strukturlarında və ya siyasi təşkilatlarda hər hansı vəzifə tutmur. Birinci xanım statusunda olmasına baxmayaraq, siyasi gündəmdən və medianın diqqət mərkəzindən uzaq durmağa üstünlük verir. Əsasən rəsmi dövlət səfərlərində, beynəlxalq protokol tədbirlərində və bəzi mədəni-ictimai mərasimlərdə həyat yoldaşını müşayiət edir. Cütlüyün 2 övladı (bir oğlu və bir qızı) var.

Hazırda Təhlükəsizlik Şurasının katibi, keçmiş spiker Alen Simonyanın sayca 3-cü xanımı Anela Qubryan erməni model və aktrisadır. Moda sferasında və aktrisalıq sahəsində fəaliyyət göstərən Qubryanın 26 yaşı var. O, Alen Simonyandan 20 yaş kiçikdir. Cütlük 2026-cı ilin fevral ayında nişanlanıb, iyun ayında isə rəsmi nikah üçün müraciət edərək nikaha daxil olub. Anela Qubryan əsasən modellik layihələri, çəkilişləri və sosial medyadakı fəaliyyəti ilə tanınır.

Parlamentin yeni spikeri Ruben Rubinyan rəsmi olaraq subaydır. Korrupsiyanın Qarşısının Alınması Komissiyasına təqdim etdiyi əmlak və gəlir bəyannamələrində də ailə üzvü kimi həyat yoldaşı yer almayıb. Rubinyan şəxsi həyatını medianın diqqətindən kənarda saxlamağa üstünlük verir. O, Milli Məclisin keçmiş vitse-prezidenti və Ümumerməni Milli Hərəkatı Partiyasının icra komitəsinin keçmiş üzvü Karapet Rubinyanın oğludur.

Xarici işlər naziri Ararat Mirzoyanın arvadı Qohar Abacyandır. İrəvan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. O, 2018-cı ildə baş verən “məxməri inqlab” zamanı Serj Sarkisyana qarşı keçirilən "Addım at, Serji rədd et" hərəkatının fəal iştirakçılarından biri olub. Etiraz aksiyaları zamanı küçələrin bağlanmasında iştirak etdiyi üçün bir müddət polis tərəfindən saxlanılıb.

Sonrakı dövrdə dövlət təsisatları və investisiya strukturlarında vəzifə alaraq "İnvestisiyalara Dəstək Mərkəzi" Fondunun (Enterprise Armenia) icraçı direktoru təyin edilib. Baş nazir Nikol Paşinyanın qərarı ilə Ermənistan və Azərbaycan arasında nəqliyyat-iqtisadi əlaqələrin və kommunikasiyaların açılması üzrə Hökumətlərarası Komissiyanın tərkibinə daxil edilib. Bu çərçivədə Ermənistanın regional layihələrinin və xarici investisiya imkanlarının təşviqində iştirak edir. Cütlüyün 2 övladı var.

Müdafiə naziri Suren Papikyanın arvadı Armine Muradyandır. Cütlük 2022-ci ilin yanvar ayında ailə həyatı qurub. Armine Muradyan əvvəllər Suren Papikyan ərazi idarəetmə və infrastruktur naziri işlədiyi dövrdə onun mətbuat katibi vəzifəsində çalışıb. Cütlüyün möhtəşəm toy mərasimi pandemiya və 2020-ci il müharibəsindən sonrakı dövrə təsadüf etdiyi üçün ölkə mediasında və ictimaiyyət arasında ciddi narazılıq və tənqidlərə səbəb olmuşdu. Hazırda onların 1 qız övladı var.

Baş nazirin müavini Mher Qriqoryanın arvadı Anna Qriqoryandır. Media və siyasi proseslərdən tamamilə uzaq, qapalı həyat tərzi sürməyə üstünlük verir. Siyasi tədbirlərdə və ya ictimai layihələrdə görünmür. Ölkənin Korrupsiyanın Qarşısının Alınması Komissiyasına təqdim edilən illik bəyannamələrdə adı əsasən cütlüyə məxsus iri pul vəsaitləri, daşınmaz əmlaklar və bank hesabları ilə bağlı yer alır. Mher Qriqoryan uzun illər bank sektorunda (o cümlədən "Ardshinbank"ın İdarə Heyətinin sədri) yüksək vəzifələrdə çalışdığı üçün ailənin maliyyə göstəriciləri hökumət üzvləri arasında ən imkanlılarından biri hesab olunur. Cütlüyün 2 övladı var.

Ermənistan Təhlükəsizlik Şurasının sabiq katibi Armen Qriqoryanın arvadı Mane Minasyan 2018-ci il “məxməri inqilab”ından sonra hakimiyyətə gələn komandanın daxilindəki ailə bağları ilə tanınır. O, hakim "Mənim Addımım" fraksiyasının keçmiş deputatı və hazırda Ermənistanın İspaniyadakı səfiri olan Sos Avetisyanın ögey bacısıdır.

Məhz bu qohumluq əlaqələri zaman-zaman yerli müxalifət mediasının diqqət mərkəzində olub. Cütlük 2019-cu ilin noyabr ayında ailə həyatı qurub. Mərasimdə Baş nazir Nikol Paşinyan və hökumətin digər yüksəkrütbəli şəxsləri iştirak edib. Mane Minasyan dövlət qurumlarında və ya siyasi vəzifələrdə çalışmır. Siyasi çıxışlar etmir, ictimaiyyət önündə və mediada görünməkdən xüsusi olaraq çəkinir.

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəisi Kristina Qriqoryan subaydır. 45 yaşı olan Qriqoryan heç vaxt ailə qurmayıb. O, uzun illər xarici kəşfiyyat zabiti olaraq çalışıb.

Kristina Qriqoryan erməni, rus, ingilis, fransız, alman və ərəb dilləri daxil olmaqla, 6 dil bilir. Əslən Livanın Bürc Həmud rayonundandır. İxtisasca ərəbşünasdır./“Yeni Sabah”


MANŞET XƏBƏRLƏRİ