ABŞ Yaxın Şərqə yeni təyyarədaşıyan gəmi göndərir


Pentaqon İranla davam edən gərginlik fonunda Yaxın Şərqdə xidmət edən USS Abraham Lincoln təyyarədaşıyan gəmisini USS George Washington ilə əvəz etməyə hazırlaşır.

Turkustan.az xəbər verir ki, “Wall Street Journal”ın (WSJ) ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, bu, əvvəlcədən planlaşdırılan rotasiya çərçivəsində həyata keçiriləcək. Hazırda 250 gündən çoxdur Yaxın Şərqdə fəaliyyət göstərən USS Abraham Lincoln texniki xidmətdən keçmək üçün bölgədən çıxarılacaq.

Sakit okean regionunda fəaliyyət göstərən USS George Washington-un yaxın vaxtlarda Yaxın Şərqə yola düşməsi gözlənilir.

USS Abraham Lincoln-un 250 gündən artıq bölgədə xidmət göstərməsi ABŞ Konqresində də müzakirələrə səbəb olub. Bəzi Konqres üzvləri gəmidəki uzunmüddətli xidmət və yaşayış şəraiti ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ