CV-də bu səhvləri edirsinizsə... - Yaxşı namizəd niyə işə qəbul olunmur?


Əmək bazarında rəqabətin artdığı bir dövrdə vakansiyalara müraciət edən namizədlərin ən çox çətinlik çəkdiyi məqamlardan biri CV-lərin doğru tərtib edilməsidir. Bəzən yüksək bilik və təcrübəyə malik namizədlər belə kiçik CV xətaları səbəbindən seçim mərhələsindən kənarda qalırlar.

Bəs İnsan Resursları (HR) mütəxəssisləri namizədlərin CV-lərində daha çox hansı səhvləri görür və nələri görmək istəmirlər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən insan resursları üzrə konsultant İlkin Mirzəzadə bildirib ki, namizədlər işə qəbul prosesində CV tərtib edərkən bir neçə ciddi xətaya yol verirlər:

"İşə qəbul üçün ən vacib vasitələrdən biri məhz CV-dir. CV-nin düzgün tərtib edilməməsi, yarımçıq məlumatlar və kifayət qədər dolğun doldurulmaması nəticəsində bəzən hətta çox yaxşı namizədlər belə işə qəbuldan kəsilə bilirlər. Öncə CV-dəki məlumatlar tam və dəqiq qaydada tərtib olunmalıdır. Dil göstəriciləri, kompüter və digər proqram bilikləri tam dəqiq şəkildə qeyd edilməlidir".

Ekspertin sözlərinə görə, HR mütəxəssislərinin ən çox diqqət yetirdiyi məqamlardan biri də iş təcrübəsinin təsviridir:

"İkinci mühüm məsələ iş təcrübəsidir. Şəxsin iş təcrübəsi və həmin iş yerində gördüyü işlər detallı şəkildə təsvir olunmalıdır. Bəzən namizədlər detallı məlumat vermədikləri üçün onların həmin vəzifə öhdəliklərini icra edib-etməməsi sual altında qalır".

İlkin Mirzəzadə: HR mütəxəssislərinin ən çox diqqət yetirdiyi məqamlardan biri də iş təcrübəsinin təsviridir

Müsahibimiz bildirib ki, ən əsası, dəqiq işə qəbul və işdən çıxış tarixləri göstərilməlidir. Bəzən namizədlər sadəcə ili qeyd etməklə - məsələn, 2024-2025 - kifayətlənirlər ki, bu da düzgün deyil. Ən azından il və ay dəqiq göstərilməlidir.

İ.Mirzəzadə CV-nin vizual və texniki göstəricilərinin də həlledici rol oynadığını vurğulayıb:

"CV-dəki şəkil klassik, korporativ üslubda olmalıdır. Sənəd namizədin ad və soyadına uyğun adlandırılmalıdır, məsələn: "X.Y CV'. Həmçinin məlumatlar səliqəli və oxunaqlı yığılmalı, əlaqə vasitələri tam göstərilməli və fayl mütləq PDF formatında təqdim edilməlidir".


MANŞET XƏBƏRLƏRİ