Partiyanın ləğvi ilə bağlı qərardan sonra CHP daxilində liderlik böhranının daha da dərinləşdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, bir sıra üzvlərin partiyadan xaric edilməsinin ardından gözlər gələn həftə keçiriləcək Partiya Məclisinin iclasına və parlament qrupunda baş verə biləcək mümkün dəyişikliklərə yönəlib. Ankara siyasi dairələrində bu məsələlər hazırda ən çox müzakirə olunan mövzulardandır.
CHP-də növbədənkənar qurultayın çağırılması ilə bağlı tələblər davam etdiyi bir vaxtda, partiya rəhbərliyi və parlament qrupunun gələcəyi barədə müxtəlif ehtimallar irəli sürülür. Partiya daxilində bəzi şəxslər hesab edirlər ki, liderlik ətrafında gedən müzakirələr parlament qrupunun fəaliyyətinə də təsir göstərə bilər.
TV100 kanalında çıxış edən jurnalist Barış Yarkadaş bildirib ki, Kemal Kılıçdaroğlu CHP Qrup sədrinin müavini vəzifəsi üçün bir neçə namizədi nəzərdən keçirə bilər.
İddialara görə, bu vəzifəyə İğdır millət vəkili Sevda Erdan Kılıç, Qars millət vəkili İnan Akgün Alp və Ordu millət vəkili Mustafa Adıgüzelin namizədliyi müzakirə olunur.
Siyasi kulislərdə dolaşan digər məlumatlara əsasən, CHP-nin keçmiş sözçüsü Faik Öztrakın parlament qrupunun rəhbərliyinə gətirilə biləcəyi də iddia edilir.
Müşahidəçilərin fikrincə, partiya daxilindəki hakimiyyət uğrunda mübarizə yalnız mərkəzi rəhbərliklə məhdudlaşmaya bilər və yaxın dövrdə parlament qrupunda da ciddi dəyişikliklər baş verə bilər. Bununla belə, səsləndirilən iddialarla bağlı hələlik rəsmi açıqlama verilməyib.
Aytən Yaşar/ Turkustan.az