Müğənni Tacir Şahmalıoğlunun oğlunun toyu ilə bağlı açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sənətçi bildirib ki, dəvət etdiyi müəyyən şəxslər toyda iştirak etməyib. O, bəzi insanların toya gəlməyən qonaqlardan pul tələb etdiyini desə də, özü belə addım atmayacağını vurğulayıb:
Sitat: “Adam var ki, toya gəlməyənə zəng edir, deyir ki, pulu kartıma at, sənə borcum yoxdur. Mən elə edə bilmərəm”.
Toylar niyə sevinc məclisindən maliyyə hesablaşmasına çevrilir? Toya gəlməyən qonaq pul göndərməlidirmi? Yaxud artıq toylarla bağlı qaydalar dəyişir?
Globalinfo.az-a danışan sosioloq Üzeyir Şəfiyev deyib ki, toylarımız milli-mənəvi dəyərlərimizi, qədim adət-ənənələrimizi özündə birləşdirən mühüm mərasimlərdir:
“Tarixən xalqımız toy zamanı yeni ailə quran gənclərə dəstək olub, onların həyatının daha rahat başlamasına kömək göstərib. Bu dəstək bəzən maddi, bəzən isə müxtəlif hədiyyələr və digər yardımlar şəklində olub. Lakin hesab edirəm ki, bu gün toyların mahiyyəti müəyyən qədər dəyişib. Əvvəllər toy sahibi və yeni ailə quran cütlük daha çox qazanc əldə edirdisə, indi daha çox toy sənayesi ilə məşğul olanlar, şadlıq evləri və müxtəlif xidmət sahibləri qazanırlar. Hətta bəzi hallarda insanlar qonşudan və ya qohumdan geri qalmamaq üçün öz imkanlarını aşan xərclərə gedir, kredit götürür və nəticədə ciddi maliyyə problemləri ilə üzləşirlər.
Hər xalqın özünəməxsus mərasimləri olduğu kimi, Azərbaycan xalqının da toyları milli koloritimizi, adət-ənənələrimizi və mənəvi dəyərlərimizi əks etdirir. Təəssüf ki, son illər toylarımızda xarici təsirlər artıb, milli elementlər isə müəyyən qədər zəifləyib. Bəzən toylarımız milli məclisdən çox əyləncə proqramını xatırladır. Buna görə də milli xüsusiyyətlərimizi qorumaq və gələcək nəsillərə ötürmək vacibdir”.
Toylara dəstək məsələsinə gəldikdə, Üzeyir Şəfiyev hesab edir ki, toyların formatı yenidən nəzərdən keçirilməlidir:
“Elə bir model formalaşdırılmalıdır ki, əsas qazancı toy sahibi və yeni ailə quran cütlük əldə etsin. Çünki onlar yeni həyata başlayırlar və bu dəstək onların gələcək həyatının daha rahat qurulmasına xidmət etməlidir. Əlbəttə, toy xidmətləri göstərən insanların da zəhməti qiymətləndirilməlidir. Lakin əsas məqsəd toyun yeni ailəyə dayaq olmasıdır. İnsanlar verdikləri dəstəyin həqiqətən də yeni ailəyə çatdığını hiss etməlidirlər. Hazırkı vəziyyətdə isə çox zaman toy sahibləri mərasimdən sonra borclu çıxır və ya ciddi maliyyə çətinlikləri ilə qarşılaşırlar”.

Üzeyir Şəfiyev
Sosioloq qeyd edib ki, ümumilikdə toy adətlərimizin ən gözəl tərəfi insanların bir-birinə dayaq olması, maddi və mənəvi dəstək göstərməsidir:
“Məhz bu ənənəni gücləndirmək və toyların formatını həmin məqsədə uyğun şəkildə təkmilləşdirmək lazımdır. Əslində insanlar toy sahibinə və yeni ailə quran cütlüyə dəstək göstərirlər ki, onların gələcək həyat şəraiti daha rahat və qayğısız olsun. Toyun əsas fəlsəfəsi də məhz bundan ibarətdir. Buna görə də hesab edirəm ki, toyların formatı dəyişdirilməli və ya müəyyən mənada əvvəlki ənənələrimizə qayıdılmalıdır”.
Ü.Hacıyev deyib ki, əvvəl kəndlərdə kimin toyu olurdusa, qonşular və kənd sakinləri bir yerə yığışaraq toy hazırlıqlarında iştirak edirdilər:
“Kimsə çadırların qurulmasına kömək edirdi, kimsə mal-qara verirdi, kimsə ərzaq dəstəyi göstərirdi, digəri isə maddi yardım edirdi. Yəni məqsəd toy sahibinin yükünü azaltmaq və yeni ailənin həyata daha rahat başlamasına şərait yaratmaq idi. Bu dəstək qarşılıqlı xarakter daşıyırdı. Bu gün sən başqasına kömək edirdin, sabah ehtiyac yarananda başqaları da sənə kömək edirdi. Məhz bu qarşılıqlı həmrəylik və dəstək ənənəsi toylarımızın ən dəyərli xüsusiyyətlərindən biri olub. Hesab edirəm ki, bu ənənəni qorumaq və gücləndirmək lazımdır”.