Bu gecə futbol dünyasında yeni bir tarix yazıldı. Dünya Çempionatı 2026-nın 1/8 mərhələsində Norveç millisinin Braziliya üzərində qazandığı möhtəşəm qələbə uzun illər unudulmayacaq. Bu qələbə ilə təkcə hesab dəyişmir, bütöv bir ölkənin futbol taleyi yenidən yazılır...

Dünyanın beşqat çempionunu turnirdən kənarlaşdıraraq 1/4 finalına yüksələn Skandinaviya təmsilçisi təkcə sensasiya yaratmadı, həm də bütün futbol aləminə “vikinqlər geri qayıdıb” mesajını verdi. Araşdırmalar onu göstərir ki, Norveçin Braziliya üzərindəki qələbəsi bir oyunun nəticəsi deyil. Bu, illərlə davam edən səbrin, düzgün planlamanın, nizam-intizamın və böyük inamın bəhrəsidir. Və bu uğurun heç şübhəsiz ki, iki simvolu var. Bunlar meydandakı hücumçu Erlinq Haaland və ehtiyat oyunçular skamyasının qarşısında dayanan baş məşqçi Stole Solbakkendir.
Bu gecə baş tutan oyundan sonra etiraf olunmalıdır ki, Haaland sadəcə bombardir deyil, həm də Norveç futbolunun yeni nəslinin lideri və ümumilikdə, futbol dünyasının isə liderlərindən biridir. O, artıq çoxdan istedadlı hücumçu statusunu geridə qoyaraq, dünya futbolunun ən böyük simalarından birinə çevrilib. Fiziki gücü, sürəti, instinkti və bitiriciliyi ilə rəqib müdafiələri daim vahiməyə salan Haaland bu gün Norveç futbolunun simvoludur. Onun meydanda olması komanda yoldaşlarına əlavə inam, rəqiblərə isə əlavə qorxu verir. Braziliyaya qarşı keçirilən görüşdə də Haaland yalnız qol vurmağa çalışan hücumçu deyildi. O, ön xətdə dayanmadan presinq etdi, komandanın ritmini müəyyənləşdirdi, müdafiəçiləri özünə cəlb etdi və komanda yoldaşlarına boş zonalar yaratdı. Əsl kapitan kimi davrandı. İllərlə dünya futbolunda Norveç dedikdə ağıla ilk növbədə Ole-Qunnar Sulşer və Con Arne Riise gəlirdi. İndi isə bütün dünya bu ölkəni Haalandın və onun ətrafında formalaşan yeni nəslin komandası kimi tanıyır.

Gələk bu uğurun memarına...
Əgər Haaland Norveç futbolunun ürəyidirsə, Stole Solbakken onun beynidir. 58 yaşlı mütəxəssis 2020-ci ildə milli komandanın sükanı arxasına keçəndə Norveç uzun illər böyük turnirlərin həsrətini çəkirdi. 1998-ci ildən sonra dünya çempionatına çıxa bilməyən, Avropa çempionatlarında da ardıcıl uğursuzluqlar yaşayan ölkə futbolunda ciddi dəyişiklik lazım idi. Solbakken ilk gündən bunu anladı. O, yalnız heyəti dəyişmədi. Komandanın düşüncə tərzini dəyişdi. Norveçi fərdi ulduzlardan ibarət kollektivdən vahid mexanizmə çevirdi. Müdafiə intizamı, sürətli keçidlər, yüksək presinq, fiziki hazırlıq və kollektiv oyun bu komandanın əsas xüsusiyyətinə çevrildi. Nəticə göz qabağındadır. Norveç əvvəlcə mundiala vəsiqə qazandı. İndi isə dünya çempionatının 1/4 finalına yüksələrək tarix yazdı. Üstəlik, bunu Karlo Ançelotti kimi futbol dahilərindən birinin çalışdırdığı Braziliyanı məğlub etməklə bacardı.

Solbakkenin ölümün astanasından dünya futboluna uzanan həyat hekayəsi sözün həqiqi mənasında ayrıca bir filmin mövzusudur. 2001-ci ildə, cəmi 33 yaşında peşəkar futbolçu kimi məşq zamanı qəfil ürəyi dayanıb. Həkimlərin operativ müdaxiləsi onun həyatını xilas edib. Həmin hadisədən sonra futbolçu karyerasını davam etdirmək mümkün olmayıb. Onun ürəyinə kardioverter-defibrilyator (ICD) yerləşdirilib. Bu kiçik tibbi cihaz hər an ürək ritmini izləyir və təhlükə yaranacağı halda müdaxilə edərək həyatı qoruyur. Bir çox insan belə hadisədən sonra idmandan tam uzaqlaşardı. Solbakken isə əksinə, həyatını futbola daha möhkəm bağladı. O, məşqçiliyə başladı, Danimarkanın “Kopenhagen” klubunda saysız-hesabsız uğurlar qazandı, Avropa kuboklarında adından söz etdirdi və sonda Norveç millisinin sükanı arxasına keçdi. Bu gün o, hər oyuna ürəyində həmin cihazla çıxır. Lakin onu yaşadan təkcə texnologiya deyil, iradəsidir. Məhz həmin dəmir iradə bu gün Norveç millisinin xarakterinə çevrilib.
Bu mundialda norveçlilər təkcə oyunları ilə deyil, həm də “vikinq rəqsi” ilə çempionata möhtəşəm aura qatdılar.
Norveç millisinə “Vikinqlər” deyilməsi təsadüfi deyil. Vikinqlər VIII-XI əsrlərdə Skandinaviya yarımadasından Avropaya yayılan döyüşçülər, dənizçilər və səyyahlar idi. Onlar uzun gəmilərlə Atlantik okeanını keçərək İngiltərəyə, Fransaya, İslandiyaya, Qrenlandiyaya, hətta Şimali Amerikaya qədər gedib çıxmışdılar. Tarix onları qorxmazlığı, dözümlülüyü və mübarizliyi ilə xatırlayır. Bu gün Norveç millisinin oyun fəlsəfəsində də həmin xüsusiyyətlər hiss olunur. Komanda sonadək mübarizə aparır. Heç kimdən çəkinmir. Ad-san qarşısında əyilmir. Məhz buna görə Braziliya kimi nəhəngə qalib gəlmək Norveç üçün təsadüf sayıla bilməz.

O da bir danılmaz faktdır ki, Karlo Ançelotti dünya futbolunun ən titullu məşqçilərindən biridir. Onun rəhbərliyi altında Braziliyadan çox şey gözlənilirdi. Lakin Norveç göstərdi ki, təkcə böyük adlar qələbə qazandırmır. Müasir futbolda sistem, nizam-intizam və komanda ruhu fərdi ustalıq qədər vacibdir. Məhz Solbakkenin komandası bunu sübut etdi. Bir sözlə, futbol dünyasında yeni bir güc doğulub. Bu Norveç artıq əvvəlki Norveç deyil. Həm də bu milli yalnız Haalanddan ibarət deyil. Martin Edeqor, Aleksandr Sörlot, Antonio Nusa və digər gənc futbolçularla birlikdə Norveç Avropanın ən perspektivli milli komandalarından birinə çevrilib. İndi artıq heç kim bu komandanı autsayder hesab etmir. Onlar dünya çempionatının 1/4 finalındadırlar. Bu, yalnız başlanğıc ola bilər. Tarix bir daha göstərdi ki, bəzən ən böyük zəfərlər ən ağır sınaqlardan keçən insanların əlləri ilə yazılır. Solbakken ölümün astanasından qayıdaraq ölkəsinin futbol tarixini dəyişdi, Haaland isə həmin inqilabın meydandakı simasına çevrildi.

Son cümlələrimiz belə olsun: Vikinqlər yenidən yürüşə çıxıb. Görünən odur ki, bu yürüş hələ davam edir. Yarımfinal yolunda rəqib İngiltərədir, amma unutmayaq, beşqat dünya çempionunu devirən vikinqlər niyə də tarixdə bircə kərə mundial qalibi olan ingilisləri devirə bilməsinlər? /musavat.com/