Bu ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaiti hesabına müvəkkil banklar tərəfindən 226,3 milyon manat məbləğində 2242 ipoteka krediti verilib.
İKZF-nin məlumatına görə, o cümlədən 156,1 milyon manat məbləğində 1418 adi ipoteka krediti və 70,2 milyon manat məbləğində 824 güzəştli ipoteka krediti verilib.
Ölkəmizdə ipoteka kreditlərinə maraq və tələb hansı səviyyədədir? İpoteka kreditinin əlçatanlığı üçün dəyişikliklərə ehtiyac varmı?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan sabiq maliyyə naziri, iqtisadçı Fikrət Yusifov bildirib ki, son illərdə Azərbaycanda ipoteka bazarı ciddi islahat yolu keçib. Onun sözlərinə görə, belə ki, əgər 10 il bundan öncə ölkədə ipoteka kreditlərinin ümumi portfeli 1 milyard manat səviyyəsində olmuşdusa, hazırda Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun və kommersiya banklarının ümumi ipoteka kredit portfelinin həcmi 4,5 milyard manata yaxındır: “Bir sözlə, son 10 ildə ölkədə ipoteka portfelinin ümumi həcmi təxminən 4 dəfədən çox artıb. Bu artımın əsas drayveri dövlət büdcəsindən ayrılan vəsaitlərlə yanaşı, İpoteka və Kredit Zəmanət Fondunun bazara çıxardığı ipoteka istiqrazları - borclanma mexanizmi olub”.
Müsahibimizə görə, ipoteka kreditləri sahəsində ən mühüm yenilik "Elektron İpoteka və Kredit Zəmanət Sistemi"nin tətbiqi və bundan sonra verilən kreditlərin limitlərinin maksimal məbləğlərinin adi ipoteka kreditləri üçün 150 000 manata, güzəştli ipoteka kreditləri üçün 100 000 manata qaldırılması olub.
“İpoteka kreditlərinin verilməsi sisteminin tam rəqəmsallaşması sayəsində indi kredit almaq üçün növbələr onlayn tənzimlənir və bu prossesdə insan faktoru minimuma enib. Kredit almaq üçün sənədlərin toplanması "E-hökumət" portalı vasitəsilə tam avtomatlaşdırılıb. Hazırda ölkədə sosial ipoteka kreditləri illik dəyəri 4%, adi dövlət ipoteka kreditlərinin dəyəri isə 8%-dir. Əgər ölkədə real infilyasiya səviyyəsi nəzərə alınarsa bu faizlər çox sərfəlidir”, - deyə iqtisadçı qeyd edib.
İpoteka kreditlərin verilməsi sahəsində mövcud problemlər də toxunan Fikrət Yusifov vurğulayıb ki, vətəndaşların hamısı bu kreditləri elektron qaydada növbəyə dayanmaqla ala bilmirlər. Bu isə aralıq vasitəçi dəllaların (dələduzların) meydana gəlməsinə səbəb olub:
“Daha doğrusu, bu dəllalar bazarı necə ələ alıblarsa, bəzən hətta peşəkar maliyyəçilər və iqtisadçılar belə krediti əldə etmək anı gələndə sistemə daxil olub ona sahiblənə bilmirlər. Bu, olduqca ciddi məsələdir”.
Fikrət Yusifov: Azərbaycanda böyük bir "ipoteka aclığı" mövcuddur
Həmsöhbətimiz deyir ki, bir başqa problem isə Bakıda daşınmaz əmlakın qiymətlərinin sürətlə artdığı indiki dönəmdə, dövlət ipotekasının maksimal limitinin - yəni 150 000 manat vəsaitin şəhərin mərkəzinəə yaxın ərazilərdə normal mənzil almaq üçün kifayət etməməsidir:
“Başqa bir problem dövlət xətti ilə ipotekaya cəlb olunan mənzillər üçün mütləq "Çıxarış" tələb olunmasıdır ki, bəzən vətəndaşlardan asılı olmayan səbəblərdən onların almaq istədikləri mənzillər çıxarışsız olur. Bəzi kommersiya bankları isə öz vəsaitləri hesabına verdiyi daxili ipoteka kreditlərində çox yüksək faizlər (illik 11-15%) müəyyənləşdirirlər ki, bu da ipoteka kreditinin dəyərinin az qala mövcud istehlak kreditlərinin dəyəri ilə eyniləşməsi deməkdir”.
Sabiq maliyyə naziri hesab edir ki, ipoteka kreditlərinin həcmi hər il artsa da, Azərbaycan bazarının tələbatı qarşılığında təklif olunan kreditlərin həcmi çox kiçikdir. Ekspertlərin və bazar araşdırmaçılarının rəylərinə görə, dövlət və kommersiya xətti ilə verilən ipoteka kreditləri real mənzil tələbatının təxminən 15–20%-ni güclə qarşılayır. Bu səbəbdən bazarda böyük bir "ipoteka aclığı" mövcuddur.