Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələsindən danışıb.
Turkustan.az-ın məlumatına görə, Overçuk Ermənistanın daşqından zərər çəkmiş rayonlarına səfəri zamanı bu barədə jurnalistlərə açıqlama verib.
“Demək istəyirəm ki, Zəngəzur dəhlizinin açılması üç dövlətin liderlərinin əldə etdiyi və 9-10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda əksini tapmış razılaşmalar çərçivəsində mümkündür.
Bildiyiniz kimi, Rusiya hər zaman bu prosesə qoşulmağa və Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası prinsiplərinə əsaslanaraq burada kömək etməyə hazırdır”, - Overçuk belə deyib.
Ermənistan və Rusiya arasında siyasi münasibətlərdəki gərginliklə bağlı sualı cavablandıran Rusiya Federasiyası baş nazirinin müavini burada medianın rolunu vurğulayıb.
“Burada diqqət etməli olduğunuz şey media fonudur və çox vaxt bu media fonu həqiqətən mənfi olur. Amma real dünya var. Bu gün biz əsl dəmir yolu ilə getdik və görülən əsl işin şahidi olduq.
Bizdə ticarət dövriyyəsində real artım var ki, bu da ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsindən xəbər verir. Avrasiya İqtisadi Birliyində Ermənistan nümayəndələri üçün real iş var.
Biz real dünyada baş verənlərlə medianın informasiya gündəmində tətbiq edilənlər və çox vaxt reallığa uyğun gəlməyənlər arasında fərq qoymalıyıq”. /Cebheinfo.az/