Şimali Kipr sahillərində bir neçə gün öncə batan“Filo Jet” sərnişin gəmisi ilə bağlı maraqlı detallar üzə çıxıb. Göyərtəsində 267 nəfərin olduğu gəminin batması ilə bağlı araşdırmada diqqətçəkən detallar ortaya çıxıb. Hadisəni daha da müəmmalı edən məqam isə gəminin dənizə çıxmazdan əvvəl hava şəraiti səbəbindən limanı tərk etməsinə icazə verilməməsi, buna baxmayaraq sonradan yola çıxması və cəmi 15 dəqiqə sonra batmağa başlamasıdır.
Turkustan.az rəsmi açıqlamalara istinadən xəbər verir ki, gəminin çıxışına ilkin olaraq pis hava şəraiti səbəbindən icazə verilməyib. Təxminən bir saatlıq gecikmədən sonra gəmi limanı tərk edib. Lakin hadisədən əvvəl “Filo Jet”in texniki vəziyyəti ilə bağlı da diqqətçəkən fakt var. Bildirilir ki, gəmi təxminən iki ay əvvəl “Akdeniz Tersanesi”ndə Türk Loydu tərəfindən texniki yoxlamadan keçirilib. Buna baxmayaraq, dənizə çıxdıqdan az sonra gəmi su almağa başlayıb.
Hadisə ilə bağlı şahid ifadələri də araşdırmanın istiqamətini dəyişə biləcək məqamlar ortaya qoyur. Sağ qalanların sözlərinə görə, gəmi su almağa başlamazdan əvvəl qeyri-adi hərəkətlər edib və burun hissəsindən güclü səs gəlib. Daha sonra su gəminin içərisinə dolmağa başlayıb. Bəzi sərnişinlər isə ekipajın xilasetmə jiletlərindən istifadə ilə bağlı lazımi təlimat vermədiyini iddia ediblər. Bu məlumatlar hələlik şahid ifadələridir və rəsmi şəkildə təsdiqlənməyib.
Hazırda gəminin əsas gövdəsi təxminən 514 metr dərinlikdədir. Məhz bu səbəbdən qəzanın səbəbinin müəyyənləşdirilməsində gəminin “qara qutusu” xüsusi əhəmiyyət daşıyır. Rəsmilər də qəzanın səbəbini tam müəyyənləşdirmək üçün “qara qutu” çatmağın vacib olduğunu bildirirlər.
Beləliklə, istintaq pis hava səbəbindən çıxışına icazə verilməyən gəmi hansı qərarla yola salınmasını, iki ay əvvəl texniki yoxlamadan keçən gəmi niyə 15 dəqiqə ərzində su almağa başladığını və ən əsası, 514 metr dərinlikdəki “qara qutu”nun tapılmasını əsas hədəf hesab edir.
Hazırda kapitan daxil olmaqla 8 ekipaj üzvünün saxlanılması da istintaqın yalnız hava şəraiti üzərində qurulmadığını göstərir. “Filo Jet”in batması ilə bağlı cavab gözləyən əsas suallar isə məhz bu araşdırmanın nəticələrindən sonra aydınlaşa bilər./modern.az