Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən sərnişin gəmisinin qəzası ilə bağlı dünən saxlanılan kapitan, 7 heyət üzvü və bir şirkət əməkdaşı Girne Rayon Məhkəməsinə çıxarılıb. Kapitanın ifadəsi də açıqlanıb.
Turkustan.az xəbər verir ki, Mersin əyalətinin Girne limanı ilə Taşucu limanı arasında fəaliyyət göstərən “Filo Jet” yüksək sürətli sərnişin bərəsinin qəzası ilə bağlı məhkəmə prosesi başlayıb. Gəmi dünən günortadan sonra Girne limanından yola düşdükdən qısa müddət sonra ön hissəsindən su almağa başlayıb.
Qəza ilə əlaqədar saxlanılan kapitan M.Ö., heyət üzvləri M.S., M.G., S.E., V.H., R.İ., Z.Ö. və K.K., həmçinin şirkət əməkdaşı A.Ö. Girne Rayon Məhkəməsinə gətirilib.
Hakim şəxsiyyətləri təsdiqlədikdən sonra səhlənkarlıq nəticəsində ölümə səbəb olmaqda şübhəli bilinən şəxslərin məhkəməyə gətirilməsini əmr edib. Dinləmənin saat 11:30-da davam etdiriləcəyi bildirilib.
Kapitan və heyət üzvləri məhkəmədə verdikləri ifadədə qəzanın gəminin burnunun dalğaların təsiri nəticəsində qopması ilə başladığını bildiriblər. Onların sözlərinə görə, meteoroloji məlumatlarda gəminin yola düşdüyü vaxt hər hansı problem qeydə alınmayıb.
Məhkəmədə həmçinin gəminin sertifikatına uyğun olaraq naviqasiya və idarəetmə baxımından bütün zəruri icazələrə malik olduğu qeyd edilib.
Məhkəmə texniki məlumatların toplanmasını, şahidlərin dindirilməsini, Türkiyədə hadisə ilə bağlı istintaqın başlanıb-başlanmadığı barədə məlumat verilməsini və digər sənədlərin tamamlanmasını tələb edib.



Aytən Yaşar/ Turkutsan.az