Süni intellekt saxta xəbər yayıcıları üçün də alətdir - MÜSAHİBƏ


Müasir dövrdə sosial şəbəkələr virtual məkan olmaqdan çıxaraq, gündəlik reallığımızı və hüquqi münasibətlərimizi idarə edən güclü bir platformaya çevrilib. Lakin rəqəmsallaşmanın gətirdiyi bu sürət, həm də cəmiyyəti ciddi bir təhlükə ilə - tez yayılan saxta xəbərlər və dezinformasiya dalğası ilə üz-üzə qoyur. Bu gün panika və ajiotaj yaratmağa hesablanmış yalan məlumatlar təkcə fərdlərin mənəvi dünyasını hədəf almır, həm də dövlət institutlarına və mediaya olan ictimai etimadı sarsıdır. Süni intellektin inkişafı isə bu manipulyasiya alətlərini daha təhlükəli müstəviyə daşıyır.

Bəs qəsdən idarə olunan bu "mənəvi terror" və dezinformasiya risklərindən necə qorunmalı? Medianın ictimai missiyası və cəmiyyətin media savadlılığı bu mübarizədə hansı rolu oynayır?

Mövzu ilə bağlı suallarımızı “Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist Əflatun Amaşov cavablandırır:

- Əflatun müəllim, son vaxtlar panika yaradan saxta xəbərlər kütləvi hal alıb. Bu cür xəbərlərin ən çox yayıldığı platformalar hansılardır və niyə məhz oralar?

- Ümumən, bütün platformalarda panika və ajiotaj yaratmağa hesablanmış bilgilərin yayıldığının şahidiyik və bu kimi halların çoxalması təəssüf doğurur. Elə təəssürat var ki, kimlərsə sosial şəbəkələrin günümüzün reallığı olmasını unudur və onların yalnız virtual məkan kimi mövcudluğuna köklənir, müvafiq olaraq bu məkanda istədikləri kimi davranmağın mümkünlüyünü düşünürlər. Halbuki, sosial şəbəkələr və platformalar dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da virtual statusunu dəyişib. Məsələn, Azərbaycanda sosial şəbəkələrin hüquqi münasibətlər sistemində təmsilçiliyi artıb. Hesab edirəm ki, mövcud məqam insanlarımızda məsuliyyət hissini gücləndirməlidir.

Digər tərəfdən, saxta xəbər yayıcılığının əksər hallarda bilərəkdən həyata keçirildiyini görürük. Yəni, kimlərsə, hansısa şəxs haqqında hansısa bilgini qəsdən yayır. Bu, əlbəttə ki, mənəvi terrordur. Daha pisi isə budur ki, hazırda sosial şəbəkələr və platformalar üzərindən gerçəkləşdirilən mənəvi terror ayrı-ayrı beynəlxalq dairələr tərəfindən idarə olunur və mövcud amil məsələyə informasiya təhlükəsizliyi prizmasından yanaşılmasını aktuallaşdırır.

- Bu cür xəbərlər ictimai etimadı (media, dövlət institutları və s.) necə zədələyir?

- İnformasiya yayıcılığı medianın işidir. Yalnış informasiya yayılırsa, bunun ağırlığı medianın üzərinə düşür. Hətta, o informasiyanı media yaymasa da. Çünki cəmiyyətdə belə bir baxış var ki, bütün informasiyaları yayan media orqanları və jurnalistlərdir. Deməli, ilk növbədə media və jurnalistlər ictimai etimadın zədələnməsi amilini düşünməlidirlər. Təkcə düşünməməli və əks addımlar atmalıdırlar. Necə? Çox sadə. Tutalım, sosial şəbəkələrdə ictimai yükü olan yanlış bilgi yayılır. Media orqanları və jurnalistlər bunu duymalı və fəaliyyətləri ilə əsl həqiqətləri ictimaiyyətə çatdırmalıdırlar ki, cəmiyyət yanlış istiqamətə yönəlməsin. Belə olduqda onlara etimad da yaranacaq. Müvafiq olaraq, sadə insanlar etibarlı informasiya mənbəyi kimi sosial şəbəkələrə yox, jurnalistlərə üz tutacaqlar. Təəssüf ki, bir çox hallarda media orqanlarımızın sosial şəbəkədə yayılmış yanlış bilgini araşdırma aparmadan tirajladığını görürük. Görünür, bəzi problemlərin aradan qalxmasının zamana da ehtiyacı var.

- Real həyatda bu tip dezinformasiyanın yaratdığı konkret risklər nələr ola bilər?

- Əlbəttə, risklər, kifayət qədər, çoxdur. Bu mənada informasiya təhlükəsizliyindən tutmuş, adi ailə münaqişələrinədək bir çox məqamların üzərində dayanmaq mümkündür. Hesab edirəm ki, başlıca məqam həm də risklərin idarə olunmasıdır. Bunun üçün isə yanlış informasiyaların zərərlərindən maksimum sığortalanmaq lazımdır. Hesab edirəm ki, “Media haqqında” Qanunun “Media savadlılığı” anlayışı bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bildiyiniz kimi, mövcud anlayış, kifayət qədər, genişdir və özündə bütövlükdə cəmiyyət üzvlərinin saxta bilgilərdən qorunması üçün müqavimət formalaşdırır. Hesab edirəm ki, maarifləndirmə işlərini gücləndirmək lazımdır. Eyni zamanda, risklərin idarə olunmasından danışırıqsa, qanunun icra mexanizmləri daha da gücləndirilməlidir. Elə məsələlər var ki, onlar zamanla yoluna qoyulacaq. Ancaq elələri də var ki, zamanı gözləmək daha böyük risklərlə üzləşmək deməkdir.

- Süni intellekt dövründə saxta xəbərlərin daha təhlükəli mərhələyə keçdiyini düşünürsünüzmü?

- Bu sualınızı əvvəlki sualınızın davamı saymaq mümkündür. Əlbəttə, süni intellekt dövrünün saxta bilgi yayıcılığı baxımından münbit şərait yaratdığını düşünmək üçün əsaslar yetərincə çoxdur. Çünki süni intellekt özülüyündə saxta bilgi yayıcıları üçün də alətdir. Onun köməyi ilə ictimai rəyi daha çox çaşdırmaq mümkündür. Deməli, süni intellekt məhsullarına daha həssas yanaşmaq şərtdir. Əsas məsələ məhz bunu nəzərə alaraq fəaliyyət göstərmək və müvafiq maarifləndirmə işlərini gücləndirməkdir.

- Jurnalistlər bu cür panika yaradan xəbərlərə qarşı necə davranmalıdır?

- Jurnalist, ilk növbədə, peşəkar olmalıdır. Peşəkarlıq isə həssaslıqdır, həssas duyumdur. Əgər jurnalist hansısa sosial şəbəkə bilgisini xəbər kimi yayırsa, bu zaman heç bir araşdırma aparmırsa, deməli, peşəkar deyil. Əgər jurnalist panika yaratmaqla, belə demək mümkünsə, reytinq yaradıcılığına girişirsə, deməli, jurnalistikanın ictimai missiyasını unudur. Unudur ki, bu peşə cəmiyyətdə konfrontasiyalar yaratmamalı, əksinə, ziddiyyətləri aradan qaldırmalıdır. Bunun üçün isə jurnalist həqiqət carçısına çevrilməlidir. Ən böyük davranış budur. Jurnalistlər hadisə və proseslərə münasibətdə obyektiv mövqe tutacaqları, real problemlərə diqqət çəkəcəkləri təqdirdə, etimad qazanacaqlar. Başqa yolu yoxdur.

A.Zeynalov

Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi "Dezinformasiya ilə mübarizənin təşviqi" layihəsi çərçivəsində hazırlanıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının  yeni tərkibi təsdiq edilib - AZƏRTAC

Məqalələrin məzmununda əks olunan fikirlərə görə “Jurnalist Araşdırmaları Mərkəzi” məsuliyyət daşıyır. Fikir və mülahizələr Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.


MANŞET XƏBƏRLƏRİ