Manipulyativ başlıqlarda dezinformasiya riski


Sensasion başlıq xəbərin etibarına şübhə salan ilk siqnaldır

Jurnalistika prinsiplərinə görə, mediada dərc olunan materiala verilən başlıq onun mahiyyətinə, ideyasına, faktoloji məzmununa uyğun şəkildə tərtib edilməlidir. Auditoriyanın diqqətini çəkmək üçün başlığın müyyən qədər cəlbedici qurulmasına yol verilir. Amma bu “cəlbedicilik” manipulyasiya, sensasion tərtibat və ya aldadıcı təqdimat formasında ola bilməz.

Jurnalistika və media etikası üzrə ekspert Subramani Vinsentin “Xəbər başlıqları üçün prinsiplər” əsərində qeyd edilir ki, başlığın mətnlə semantik uyğunsuzluğu informasiyanın təhrifinə, ictimai rəyin yanlış istiqamətlənməsinə yol açır: “Başlıq yalnız texniki və marketinq elementi deyil, həm də jurnalist məsuliyyəti və etik hesabatlılıq komponentidir. Yanlış bağlıqlardan intensiv şəkildə istifadə edilməsi media subyektinə, nəticə etibarilə ümumilikdə media institutuna qarşı etimadı zəiflədir

( https://www.scu.edu/ethics/focus-areas/journalism-and-media-ethics/resources/guardrails-for-news-headlining/ ).

Aldadıcı başlıqlar hansı məqsədlər üçün istifadə edilir...

Son dövrlərdə həm ənənəvi mediada, həm də sosial media platformalarında jurnalistikanın bu vacib prinsipinin intensiv şəkildə pozulduğu görünür. Manipulyativ formalı, sensasion xarakterli, mətnin məzmunu ilə uzlaşmayan başlıqların artması müşahidə olunur. "Sosial elmlərin icmalı” Jurnalının (JSSR) redaksiya heyəti “xəbər başlıqlarının yanlış təqdimatı” sahəsində müşahidə olunan bu intensivliyin səbəblərini araşdırıb. Redaksiya tərəfindən hazırlanmış Onlayn media etikası: dilemmalar və həllər” adlı tədqiqat yazısında bu səbəblər 4 əsas faktorla izah edilir

( Media ethics in the era of clickbait journalism: https://jssr.com.pk/index.php/jssr/article/view/392 ).

  • “Klik iqtisadiyyatı və trafik rəqabəti”.

Rəqəmsal mediada gəlirlər əsasən baxış sayı, klik və reklam trafikindən asılıdır. Bu səbəbdən media subyektləri auditoriyanın diqqətini maksimum dərəcədə cəlb edən emosional başlıqlara üstünlük verirlər. “Clickbait” adlandırılan bu yanaşma informasiyanın keyfiyyətindən daha çox onun cəlbediciliyini ön plana çıxarır. Sosial şəbəkələrin alqoritmləri istifadəçidə daha çox reaksiya doğuran-qorxu, qəzəb, təəccüb, sensasiya yaradan məzmunları daha geniş yayır. Nəticədə media qurumları və kontent istehsalçıları alqoritmik üstünlük qazanmaq üçün daha aqressiv və manipulyativ başlıqlardan istifadə edirlər.

  • “İlk xəbəri vermək” yarışı.

Müasir informasiya mühitində operativlik əsas rəqabət meyarlarından birinə çevrilib. Bir çox hallarda xəbərin mahiyyətinin tam yoxlanılması və balanslı təqdimatı ikinci plana keçir, diqqət isə sürətli və diqqətçəkən başlıq hazırlanmasına yönəlir. Sensasion başlıq bu mərhələdə köməyə çatır. Araşdırmalar göstərir ki, sosial mediada istifadəçilərin əhəmiyyətli hissəsi xəbərləri yalnız başlıq səviyyəsində oxuyur və mətnin tamına keçmir. Media qurumları da bu psixoloji xüsusiyyətdən istifadə etməyə çalışırlar.

  • Kommersiya maraqlarının ön sıraya keçməsi.

Media institutu mahiyyətcə kommersiya qurumu olsa da, o, biznesin digər tiplərindən köklü şəkildə fərqlənir. Bu “biznes sahəsi”ni digərlərindən fərqləndirən əsas amil ictimai maraqların ön sırada dayanması, “etik standartların” vacib şərt kimi irəli sürülməsidir. Təəssüf ki, sosial medianın inkişafından sonra bu prinsiplərdə “yerdəyişmə” görünür. Bir çox media qurumlarında jurnalistikanın ictimai missiyasından daha çox kommersiya maraqları ön plana çıxır. Reklam bazarında qazanmaq uğrunda mübarizə bəzən etik standartların zəifləməsinə və manipulyativ təqdimat üsullarının normallaşmasına səbəb olur.

  • Peşəkar redaktə institutunun zəifləməsi.

Xüsusilə rəqəmsal mediada və sosial platformalarda redaksiya nəzarətinin zəifləməsi, fərdi blog və anonim səhifələrin artması etik filtr mexanizmlərini zəiflədir. Nəticədə yoxlanılmamış və ya şişirdilmiş başlıqlar daha rahat yayılır.

Siyasi və ideoloji manipulyasiya məqsədləri

Bəzi hallarda başlıqlar müəyyən siyasi və ya ideoloji mövqeni gücləndirmək məqsədilə manipulyasiya edilir. “Gündəmyaratma” (Agenda-setting) üzrə nəzəriyyələrdə qeyd edilir ki, müasir insan informasiya selinin təsirinə məruz qalır, hər gün minlərlə informasiya ilə qarşılaşır. Bu şəraitində media qurumları istifadəçinin diqqətini saniyələr içində cəlb etmək üçün daha dramatik və emosional başlıqlara müraciət edirlər (https://link.springer.com/chapter/10.1007/978-3-031-41954-6_2 ).

Məsələnin ən təhlükəli tərəfi də bu hissədə başlayır. Siyasi və ideoloji maraqlara uyğun formada manipulyasiya edilmiş, yalançı başlıqlar mahiyyət etibarilə dezinformasiya elementi sayılır. Dezinformasiya isə dünya üçün ən təhlükəli elementlərdən biri kimi qeyd edilir.

“Mediada İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, media eksperti Müşfiq Ələsgərli deyir ki, günümüzdə ən narahatedici məsələlərdən biri də dezinformasiyanın kəmiyyətinin sürətlə artmasıdır: “Təsadüfi deyil ki, Davos İqtisadi Forumu sonuncu yığıncağında dezinformasiyanı səviyyəsinə görə dünya üçün 10 risk sırasında 2-ci yerdə yerləşdirib. Çox təəssüf ki, bu gün dezinformasiya təkcə rəqib dövlətləri deyil, həm də bütöv xalqları, cəmiyyətləri, hətta adi fərdləri də hədəfə gətirərək ciddi zərər vura bilir. Fərdlərin dezinformasiyadan müdafiəsi daha çətin olur”.

Beləliklə, manipulyativ başlıqlar müasir informasiya dövrünün ən ciddi problemlərindən birinə çevrilir. Onlar informasiya mühitini çirkləndirir, insanların emosiyalardan istifadə edərək onları yanlış istiqamətə yönləndirir.

Problemdən necə qurtarmaq olar?...

Bu problemin qarşısını almağın ən effektiv yolu media savadlılığından keçir. İnsanlar gördüyü hər başlığa inanmamağı, məlumatı yoxlamağı, emosional manipulyasiyanı tanımağı öyrəndikcə dezinformasiyanın təsiri azalacaq.

Yadda saxlamaq lazımdır ki, başlıq məlumatı gizlədirsə, əsas faktı demədən maraq yaratmağa çalışırsa; mənbə bilinmirsə (xəbərin müəllifi və ya mənbəsi göstərilmirsə); başlıqla mətn uyğun gəlmirsə (başlıq sensasiyalıdır, amma məqalə adi məlumatdan ibarətdirsə), bu, oxucunun və ya tamaşaçının şübhələnməsi üçün ilkin siqnaldır. Oxucu onu birbaşa qəbul etməməli, real olub-olmadığını araşdırmaq üçün müəyyən addımlar atmalıdır.

Oxucu özünü manipulyasiyadan qorumaq üşün xəbəri tam oxumalı, yalnız başlığa əsasən nəticə çıxarmamalı, mənbəni yoxlamalıdır. Ən əsası isə bu məlumatı kimin yaydığına diqqət etməlidir. Bir neçə mənbəyə baxmalı, eyni xəbərin fərqli platformalarda paylaşıldığına əmin olmalı, paralel müqayisələr aparmalıdır.

A.Zeynalov

Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi "Dezinformasiya ilə mübarizənin təşviqi" layihəsi çərçivəsində hazırlanıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının  yeni tərkibi təsdiq edilib - AZƏRTAC

Məqalələrin məzmununda əks olunan fikirlərə görə “Jurnalist Araşdırmaları Mərkəzi” məsuliyyət daşıyır. Fikir və mülahizələr Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.


MANŞET XƏBƏRLƏRİ