Sentyabrın 6-da baş verən dron hücumundan sonra Rusiyanın Ryazan şəhərində yerləşən və “Rosneft”ə məxsus neft emalı zavodunun fəaliyyətini dayandırdığı bildirilir.
Turkustan.az xəbər verir ki, “Reuters” iki sənaye mənbəsinə istinadən zavodun əsas qurğularının hücumdan sonra dayandırıldığını yazıb.
Mənbələrin məlumatına görə, hücum zamanı yanğın baş verən AVT-6 qurğusu ilə yanaşı, AVT-4 qurğusunun da fəaliyyəti dayandırılıb.
AVT-6 qurğusu ildə 8 milyon metrik ton, yəni gündə təxminən 160 min barel neft emal etmək gücünə malikdir. Bu göstərici zavodun ümumi emal gücünün təxminən yarısına bərabərdir.
AVT-4 qurğusunun isə ildə 4 milyon ton neft emal etmək imkanına malik olduğu bildirilir.
Zavodun digər əsas qurğusu olan AVT-3-də may ayının ortalarından etibarən təmir işləri aparılır.
Aytən Yaşar/ Turkustan.az