Yəməndə İranın dəstəklədiyi Husi üsyançılarının strateji əhəmiyyət daşıyan Moça şəhərinə nəzarəti ələ keçirdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, Husi qüvvələri ilə BMT tərəfindən tanınan Yəmən hökuməti arasında ölkənin şimal, qərb və mərkəzi bölgələrində şiddətli döyüşlər davam edir.
Husilər Qırmızı dəniz sahilində yerləşən Moça şəhərinə nəzarəti ələ keçirdiklərini və strateji Bab əl-Məndəb boğazına doğru irəlilədiklərini açıqlayıblar. Yəmən hökuməti isə hələlik bu məlumatı təsdiqləməyib.
Moçanın ələ keçirilməsi təsdiqlənərsə, husilər Yəmənin Qırmızı dəniz sahillərinin böyük hissəsinə nəzarət etmiş olacaq. Bu isə onlara Bab əl-Məndəb boğazına nəzarəti gücləndirmək və burada gəmiçilik fəaliyyətinə mane olmaq üçün əlavə imkanlar yarada bilər.
Bundan başqa, şəhərin nəzarətə götürülməsi Yəmənin cənubunda hökumətin nəzarətində olan ərazilərə gedən üç əsas təchizat xəttinin kəsilməsi riskini də artırır.
Aytən Yaşar/ Turkustan.az