Türkiyənin müdafiə şirkətləri Misirdə güc nümayiş etdirdi


Türkiyənin aparıcı müdafiə sənayesi şirkətləri Misirin ev sahibliyi etdiyi Əl-Əlameyn Beynəlxalq Aviasiya Sərgisində ən yeni sistemlərini nümayiş etdirib.

Turkustan.az xəbər verir ki, sərgidə Türkiyənin MKE, TUSAŞ və digər müdafiə sənayesi şirkətləri geniş nümayəndə heyəti ilə iştirak edib. MKE Misirdə ilk şirkətinin “Zafer” adı ilə yaradıldığını açıqlayıb. TUSAŞ-ın KAAN qırıcı təyyarəsi və TOLGA hava hücumundan müdafiə sistemi də sərgidə diqqət çəkib.

Türkiyənin sərgidə iştirakı ölkənin müdafiə sənayesi ixracatını genişləndirmək və Misirlə hərbi əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

Misir Müdafiə Nazirliyinin məlumatına görə, çərşənbə axşamından cümə axşamına qədər davam edən sərgidə 50 ölkədən 250-dən çox şirkət iştirak edir. Afrikanın və Yaxın Şərqin ən böyük aviasiya və aerokosmik tədbirlərindən biri hesab olunan sərgidə təxminən 12 min ziyarətçinin iştirakı, 100-dən çox təyyarənin nümayişi və 50-dən çox hava şousunun keçirilməsi gözlənilir.

Türkiyə ilə Misir arasında müdafiə və hərbi sahədə əməkdaşlığın dərinləşməsinin Şərqi Aralıq dənizində Yunanıstan, İsrail və Kipr Yunan Administrasiyası arasında formalaşan ittifaqa qarşı balanslaşdırıcı amil ola biləcəyi qeyd edilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ