İranda etirazlar səngimiş kimi görünsə də, vəziyyət ciddiliyini qoruyur. ABŞ prezidenti Donald Tramp İrana zərbə endirə biləcəyi barədə xəbərdarlıqlar edib. Amerika və bir sıra Avropa ölkələri vətəndaşlarını İranı tərk etməyə çağırması vəziyyətin daha da ağırlaşa biləcəyini göstərir.
Bəs ABŞ-İran arasında müharibə baş verərsə, Azərbaycan üçün hansısa təhlükələr gözlənilir?
Sabiq deputat, Ümid Partiyasının sədri İqbal Ağazadə Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycan üçün ciddi təhlükə gözlənilmir:

“Quru qoşunların müharibəsi olmayacaq ki, Azərbaycan üçün təhlükə olsun. Hazırda uzaqdan idarə edilən müharibələrdir, buna da 12 günlük İsrail-İran müharibəsində, sonra isə Amerikanın İranın nüvə obyektlərinə zərbələri kontekstində gördük. Rusiya və Çinin isə nə Amerika, nə də Amerikanın müttəfiqləri ilə rəqabət aparmaq və onlara qarşı durmaq imkanları var. Gizli şəkildə nəisə edə bilərlər, amma açıq şəkildə heç vaxt olmaz. Amerika İrana qarşı açıq müharibəyə getməyəcək, quru qoşunlarının daxil olduğu genişmiqyaslı müharibə gözlənilmir. Orada bizim güneyli soydaşlarımız var. Onlar üçün isə təhlükə hər zaman var və bu, bizi narahat edir”.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, müharibə baş verərsə, enerji bazarlarında hiss olunacaq:

“İran mühüm neft və qaz istehsalçısıdır və hərbi qarşıdurma xüsusilə Hörmüz boğazı ətrafında risk yaratsa, dünya neftinin böyük hissəsinin daşındığı marşrut təhlükə altına düşər. Bu isə neft və qaz qiymətlərinin kəskin artmasına səbəb olar. Enerji qiymətlərinin yüksəlməsi qlobal inflyasiyanı sürətləndirər, qida, nəqliyyat və sənaye məhsullarının qiyməti artar. Maliyyə bazarlarında qeyri-sabitlik yaranar, investorlar riskli bazarlardan çıxıb dollar və qızıl kimi təhlükəsiz aktivlərə yönələr”.
A.Nəsirli qeyd edib ki, Azərbaycan üçün təsirlər həm müsbət, həm də mənfi ola bilər: “Azərbaycan enerji ixracatçısıdır və neft-qaz qiymətlərinin artması dövlət büdcəsinə əlavə qazanc gətirə bilər. Avropanın alternativ enerji mənbələrinə ehtiyacı artdıqca Azərbaycan qazı və tranzit imkanları daha strateji əhəmiyyət kəsb edər. Bu, ölkənin geosiyasi və iqtisadi mövqeyini gücləndirə bilər. Digər tərəfdən, risklər də mövcuddur. İran Azərbaycan üçün mühüm qonşu, ticarət tərəfdaşlarından biridir və müharibə bu əlaqələri zəiflədə, sərhəd bölgələrində ticarət və logistikanı azalda bilər. Qlobal bahalaşma Azərbaycana da idxal kanalları ilə təsir edər, xüsusilə ərzaq, nəqliyyat və tikinti sahələrində qiymət artımı yarada bilər. Bu, əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərə bilər. Qlobal maliyyə gərginliyi manat üzərində psixoloji təzyiq yaratsa da, ölkənin valyuta ehtiyatları qısamüddətli riskləri müəyyən qədər yumşalda bilər. Regionda təhlükəsizlik risklərinin artması isə dövlət xərclərinin strukturunda dəyişikliklərə səbəb ola bilər. Qısa müddətdə belə bir münaqişə Azərbaycanın enerji gəlirləri baxımından müsbət nəticə verə bilər, lakin inflyasiya və ticarət riskləri paralel olaraq artar. Müharibə uzanarsa, qlobal iqtisadi zəifləmə ehtimalı yüksələr və bu, Azərbaycanın qeyri-neft sektoruna və ümumi iqtisadi artım tempinə mənfi təsir göstərə bilər. Ümumilikdə, Azərbaycan üçün əsas qazanc enerji sahəsindən, əsas risk isə bahalaşma və regional ticarətin zəifləməsindən qaynaqlanar”.
Şəhanə Quliyeva