Müdafiə Nazirliyi Kəlbəcərdəki mina partlayışı barədə məlumat yayıb.
Turkustan.az-ın məlumatına görə, Nazirlikdən bildirilib ki, avqustun 5-i saat 19:05 radələrində Kəlbəcər rayonu ərazisində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaya düşüb.
Baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib.
Onların həyatları üçün təhlükə yoxdur. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bundan əvvəl mətbuatda 5 hərbçinin minaya düşdüyü barədə xəbərlər yayılıb.
xxx
Kəlbəcər rayonunda müddətdən artıq xidmət edən hərbçimiz minaya düşüb.
Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Emin Tanrıverdiyev minaya düşüb.
O, xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir.
Məlumat üçün bildirək ki, hərbiçimiz üç ildən artıqdır müddətdən artıq hərbi qulluqçu kimi xidmət edir.
E.Tanrıverdiyev Goranboy rayon sakinidir.
***
Kəlbəcərdə minaya düşən Azərbaycan hərbçilərin sayı beş nəfər imiş.
Kəlbəcər rayonunun Vəng kəndində “Ural” markalı hərbi avtomobilin tank əleyhinə minaya düşməsi nəticəsində Emin Tanrıverdiyevlə yanaşı, digər hərbi qulluqçular – 1987-ci il təvəllüdlü Emin Əhmədov, 1996-cı il təvəllüdlü Nicat Nuruyev, 1983-cü il təvəllüdlü Rabil İsmayılov və 1996-cı il təvəllüdlü Muşfiq Qarayev də müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.