Oktyabrın 8-9-da Türkmənistanda MDB Dövlət Başçıları Şurasının toplantıları keçirilib.
Türkmənbaşı şəhərindəki MDB sammiti ərəfəsində dövlət başçılarını qarşılayan uşaqların əlində örtüyə büküşlmüş çörəyin olması xüsusi diqqət çəkib.
Turkustan.az bildirir ki, Modern.az Türkmənistan mediasına istinadən bunun səbəbini araşdırıb.
Məlumata görə, türkmən uşaqların təqdim etdiyi çörək (çörək – türkmən dilində çörek) və dəvə yunundan hazırlanan ənənəvi örtük – “saçak” ilə qarşılanma ənənəvi mərasimin bir hissəsi olub: qonaqlara milli çörək təqdim edilib, onlar isə ənənəyə uyğun olaraq ondan bir tikə qoparıblar.
Bəs çörək niyə örtüyə bükülü olub?

Türkmən mətbuatı yazır ki, “saçak” çörəyi büküb saxlamaq üçün istifadə edilən ənənəvi parçadır. Dəvə yunundan toxunan parça çörəyin yumşaqlığını və təzəliyini qorumağa kömək edir.
Türkmən mədəniyyətində “saçak” adi parça deyil, evin ruzisini və bolluğunu təmsil edən müqəddəs əşya sayılır. Xalq inancına görə, onu açıq və səliqəsiz qoymaq evin bərəkətinin azalması ilə əlaqələndirilir.
Bir çox ölkələrdə fəxri qonaqların duz-çörəklə qarşılanması qədim adətdir.
Türkmənistanda isə ali qonağa örtüyə bükülmüş çörək təqdim etmək ona ehtiram göstərmək, dostluq və qonaqpərvərlik nümayiş etdirmək deməkdir.
Liderlərə çörəyin örtüyə bükülərək təqdim edilməsi, həm ənənəvi təqdimat forması, həm də milli mədəniyyətin nümayişidir. Örtüyün çörəyin qorunması ilə yanaşı, bərəkət və qonağa hörmət rəmzi olması xüsusi əhəmiyyət daşıyır.