Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq etmək qərarını pisləyib.
Turkustan.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında bildirib.
Dujarrikin sözlərinə görə, Quterreş ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə bir qurum kimi sanksiyalar tətbiq etmək qərarından narahatlığını ifadə edib. Baş katib hesab edir ki, bu addım məhkəmənin fəaliyyətinə mənfi təsir göstərə və əməkdaşlarının öz vəzifələrini yerinə yetirməsini çətinləşdirə bilər.
Quterreş qərarı beynəlxalq cinayət ədalətinin təmin olunması istiqamətində birgə səylərə ciddi zərbə kimi qiymətləndirib. O vurğulayıb ki, beynəlxalq cinayətlərə görə məsul şəxslərin cavabdehliyə cəlb edilməsi və qurbanlar üçün ədalətin təmin olunması sülhə, təhlükəsizliyə, insan hüquqlarına və fundamental azadlıqlara qlobal öhdəliyin əsasını təşkil edir.
Aytən Yaşar / Turkustan.az