Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Komi Respublikasında yerləşən Uxta neft emalı zavoduna hücum etdiklərini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Ukrayna sərhədindən təxminən 1900 kilometr məsafədə yerləşən obyektin 2500 kilometrədək uçuş məsafəsinə malik dronlarla hədəf alındığı bildirilir.
Zelenski sosial media hesabında son iki gündə Rusiyadakı hədəflərə qarşı həyata keçirilən hücumlar barədə məlumat paylaşıb.
Ukrayna liderinin sözlərinə görə, Uxta neft emalı zavoduna hücum zamanı “An-196 RS” tipli pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilib. Bu aparatların 2500 kilometrədək məsafə qət edə bildiyi qeyd olunub.
Zelenski Rusiyanın Omsk neft emalı zavodunun da ötən gün hədəf alındığını xatırladıb. O, həmin hücumda “FP-6” tipli pilotsuz uçuş aparatlarından istifadə edildiyini bildirib.
Zelenski Rusiyada yerləşən məlumat mərkəzinin də hədəf alındığını qeyd edib.
“Biz Rusiyanın Ukraynaya hücumlarına cavab verməyə davam edirik və bunu effektiv şəkildə edirik”, – deyə, Ukrayna Prezidenti vurğulayıb.
Zelenski həyata keçirilən hücumlarla bağlı videonu da sosial media hesabında paylaşıb.
Aytən Yaşar / Turkustan.az