Türkiyənin Yalova şəhərində yaşadığı binanın altıncı mərtəbəsinin pəncərəsindən yıxılaraq həyatını itirən məşhur sənətçi Güllünün ölümü ilə bağlı məhkəmə işində hökm oxunub.
Turkustan.az xəbər verir ki, anasını qəsdən öldürməkdə ittiham olunan 28 yaşlı Tuğyan Ülkem Gülter ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib.
Məhkəmənin yekun iclasında dövlət ittihamçısı iş üzrə toplanmış sübutları və digər halları nəzərə alaraq Tuğyan Ülkem Gülterə ağırlaşdırılmış ömürlük həbs cəzası verilməsini tələb edib.
Məhkəmədə göz yaşları içində özünü müdafiə edən Gülter ittihamları rədd edərək günahsız olduğunu bildirib.
“Mənə qarşı irəli sürülən ittihamları qəbul etmirəm. Anamın yıxıldığını heç vaxt görməmişəm. Ana ilə qız arasında mübahisələr ola bilər, amma biz ana-bala idik. Mən qurbanam, mənə böhtan atılıb. Mən həmişə Sultanın yanında olmuşam. Niyə belə etdiyini bilmirəm. Əgər mən qatildimsə və o da bunu görübsə, hadisə baş verən zaman niyə danışmayıb? İlk açıqlamanı o verib və mənimlə eyni şeyləri danışıb”, – deyə Gülter bildirib.
O, qatil adlandırdığı dostunun yanında üç ay yarım qala bilməyəcəyini deyərək həmin şəxsin ifadəsini qorxu və təzyiq altında verdiyini düşündüyünü söyləyib. Gülter ona qarşı ifadə verən digər şəxslərin də qorxu səbəbindən belə davrandıqlarını iddia edib.
Sosial mediada və mətbuatda “ana qatili” kimi təqdim olunmasından şikayətlənən Gülter həbsxanada saçını boyadığına görə də təqib edildiyini bildirib. O, anası üçün yas tuta bilmədiyini və özünü müdafiə etmək imkanından məhrum olduğunu deyib.
“İlahi ədalətə güvənirəm. Mənə hansı cəzanı versəniz də, günahsız olduğumu bilirəm. Mənə böhtan atanları bağışlamıram. İnanıram ki, axirətdə ilahi məhkəmədə anamla əl-ələ verəcəyəm. Qızımın bu ləkəni daşımasını istəmirəm”, – deyə Gülter çıxışını yekunlaşdırıb.

Aytən Yaşar / Turkustan.az