Bal rəqsləri üzrə ikiqat dünya və üçqat Avropa çempionu Arsen Aqamalyan “Azerbaijan Dance Festival 2026” beynəlxalq festivalında iştirak edəcək.
Turkustan.az xəbər verir ki, rəqqas bu haqda sosial şəbəkədə paylaşım edib. O yazıb ki, Bakıda anadan olub. Aqamalyan paytaxtımıza həyat yoldaşı Oksana Vasilyeva ilə birlikdə gəldiyini əlavə edib:
"Bakıya - atamın anamla tanış olduğu və ona aşiq olduğu şəhərə uçuram. Onlar idman fakültəsində oxuyublar: atam futbolçu idi (erməni, Qarabağın Ağdərə rayonundan gəlmişdi), anam isə idman gimnastikası ilə məşğul olurdu (bakılı rus).
Mən atamla anamın gənc və xoşbəxt olduğu şəhərə uçuram. Doğulduğum, bacım Rənanın dünyaya gəldiyi şəhərə... Pafosla yaza bilərdim ki, ora öz övladlarımız naminə, gələcəkdə mənim uşaqlarımın və azərbaycanlı uşaqların müharibə etməməsi üçün kiçik də olsa, töhfə verməyə gedirəm. Yaza bilərdim ki, dekabrın 1-də Ermənistanda keçiriləcək Dünya Rəqs Çempionatına görə Azərbaycana gedirəm. Həmin yarışda, şübhəsiz ki, Azərbaycanı təmsil edən rəqqaslar da iştirak edəcəklər. Erməni olaraq dünya çempionatına bir ay qalmış Azərbaycana gedirəm ki, göstərim: biz rəqs, incəsənət vasitəsilə ünsiyyət qura bilərik".
Rəqqas bildirib ki, 2 yaşına qədər Azərbaycanda yaşayıb:
"Sonra isə atamın vətəni olan Xankəndiyə, Qarabağa köçmüşük. Köçümüz sonradan baş verən hadisələrlə bağlı deyildi. Daha sonra münaqişə, gərginlik, atəşə tutmalar, blokada və 1992-ci ildə Ermənistana, Rusiyaya gedən yolun açılması baş verdi. Valideynlərim bizi oradan çıxardılar. Hamını yox... Orada bir yaşlı qardaşım vəfat etdi. Bu, anam üçün həlledici qərar oldu: getmək və bir daha geri qayıtmamaq. Amma bütün bunlar sonradan baş verdi...
O vaxta qədər isə hər yay bizi Bakıya, ulu nənəmiz Polinanın və nənəmiz Tayanın yanına aparırdılar. Həyətimizi xatırlayıram. Dəqiq yadımda deyil, deyəsən, Sabunçuda idi. Orada uşaqlarla qaçıb oynadığımı xatırlayıram. Deyirlər, onlardan bəziləri hələ də orada yaşayır".
Arsen bacı və qardaşının Bakıda yaşadığını qeyd edib:
"37 ildir görmədiyim qardaşım və bacımla görüşəcəyəm. Heç vaxt görmədiyim bacı-qardaşım uşaqları ilə tanış olacağam. Bir vaxtlar həyətdə birlikdə qaçıb oynadığım insanlarla görüşəcəyəm. Anam rusdur, onun tərəfindən olan qohumlarımız Bakıda qalıb.
Beş il ərzində mənə “Azerbaijan Dance Festival 2026” tədbirindən dəvət gəlirdi. (Bu möhtəşəm tədbirin təşkilatçıları haqqında ayrıca yazacağam). Beş il dəvətlərdən imtina etdim. Altı ay əvvəl dəvət yenidən gəldi və ilk dəfə düşünəcəyimi bildirdim.
Amma birdən anladım ki, özüm də bunu istəyirəm. Daxilimdə ora gəlmək istəyirəm. Rəqs etmək istəyirəm
Qarabağ, mənim şəhərim, yaşadığım yer haqqında düşüncələrim dəyişməzdir".
Rəqqas daha sonra Bakıdan foto paylaşıb./Modern.az
