Oxuduqları sahədən uzaq düşənlər: Niyə insanlar öz ixtisası üzrə işləmir? -ŞƏRH


Bu gün ölkədə ixtisası üzrə çalışmayan insanların sayı kifayət qədərdir.

Müxtəlif səbəblərdən, o cümlədən işə qəbul zamanı irəli sürülən yüksək tələblər, təcrübə çatışmazlığı və digər maneələr səbəbindən bir çox insan təhsil aldığı sahədə deyil, tamam başqa istiqamətlərdə işləməyə məcbur qalır.

Bəs insanları öz ixtisaslarından uzaqlaşdıran əsas səbəblər hansılardır? Bu seçimdə maaş azlığı nə dərəcədə rol oynayır? İnsanlar sevdikləri və təhsil aldıqları sahələrdən niyə imtina edirlər?

Turkustan.az bu sualları iqtisadçı-ekspert Günay Hüseynovaya ünvanladı.

Qızılı qəbul edən müəllim və valideynlər barədə dəhşətlər üzə çıxdı - Günay  Hüseynova | Tribuna.Az

Günay Hüseynova

Cəmiyyətdə, xüsusilə də gənclər arasında ən ciddi problemlərdən biri ixtisasla iş arasında uyğunsuzluqdur. İllər keçdikcə bu problem daha da dərinləşir. Nəticədə ali təhsilli işsizlərin sayı artır, gənclərin bir qismi fərqli sahələrə yönəlir, digərləri isə xarici ölkələrə üz tutaraq orada mütəxəssis kimi formalaşırlar. Əmək bazarındakı bu uyğunsuzluq ölkənin iqtisadi potensialından səmərəli istifadə edilməsinə mane olur.

Problemin əsas səbəblərindən biri təhsil sistemi ilə əmək bazarı arasında inteqrasiyanın olmamasıdır. Məsələn, iqtisadiyyat və ya digər sahələr üzrə məzunların işsizliyi kütləvi xarakter alırsa, həmin ixtisaslara qəbul planına yenidən baxılmalı, zərurət yarandıqda qəbul yerlərinin sayı məhdudlaşdırılmalıdır. Eyni zamanda, gənclər də bilməlidirlər ki, diplom özlüyündə bilik və bacarıq demək deyil, həmçinin dərhal işlə təmin olunmağa zəmanət vermir. Bir qrupa 50 nəfərin qəbul edilməsi və onların ən azı 30-nun ödənişli əsaslarla təhsil alması iqtisadi baxımdan səmərəli yanaşma deyil.

Düşünürəm ki, problemin həlli üçün ilk növbədə təhsil sistemi ilə əmək bazarı arasındakı uyğunsuzluq aradan qaldırılmalıdır.

İkinci təklifim Əmək Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlıdır. Belə ki, müəyyən sahələrdə işə qəbul zamanı müvafiq ixtisas tələbi məcburi olmalıdır. Hesab edirəm ki, bu, sosial ədalətin təmin olunmasına da töhfə verə bilər. Məsələn, şirkətə turizm mütəxəssisi tələb olunursa, həmin vəzifəyə qəbul edilən şəxsin müvafiq turizm ixtisası üzrə təhsili olmalıdır. Türkiyədə bu istiqamətdə müəyyən tələblər mövcuddur. TURSAB-dan lisenziya alan şirkət turizm ixtisası üzrə təhsil almış işçi çalışdırmalıdır. Əks halda, onun fəaliyyət göstərməsi mümkün deyil.

Hər bir insanın peşəsi onun iqtisadi potensialıdır. Şəxs öz ixtisasından kənar sahədə çalışdıqda, peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək imkanı məhdudlaşır. Nəticədə müəyyən sahələrdə mütəxəssis çatışmazlığı yaranır.

Bu təklifin əsas məqsədlərindən biri də işə qəbul zamanı yerlibazlıq, qohumluq, tanışlıq və korrupsiya hallarının qarşısını almaqdır. Ölkədə öz sahəsinin mütəxəssisi olduğu halda, “kimsəsi” olmadığı üçün irəli çəkilməyən, faktiki olaraq işsiz qalan kifayət qədər insan var. Buna görə də hesab edirəm ki, Əmək Məcəlləsinə dəyişiklik edilərək müəyyən vəzifələr üzrə ixtisas tələbi məcburi xarakter alarsa, bu, iqtisadi səmərəliliyin artmasına və işə qəbulda ədalətli rəqabət mühitinin formalaşmasına xidmət edə bilər.

Maaşların aşağı olması da bu problemin səbəblərindən biridir, lakin mən bunu ikinci dərəcəli amil hesab edirəm. Çünki insanın arzulamadığı və ixtisasına uyğun olmayan işdə çalışması iqtisadi baxımdan da səmərəli deyil. Belə iş zaman keçdikcə həmin şəxs üçün daha da arzuolunmaz hala gələ bilər.

İnsanların əksəriyyəti xərclərini qarşılamaq və ailə məsuliyyətlərini yerinə yetirmək üçün başqa, nisbətən gəlirli sahələrdə çalışdıqlarını bildirirlər. Lakin burada əsas səbəblərdən biri də işə qəbul zamanı “kimsənin kimsəsi” olmaq prinsipinin rol oynamasıdır.

Məsələn, ixtisası ədəbiyyat olan şəxs nə üçün marketdə satıcı, fəhlə və ya xadimə işləməyə məcbur qalmalıdır? Məgər bu sahələr yüksək gəlir vəd edir? İnsanlar sadəcə qısa müddətdə xərclərini qarşılamaq, ailə məsuliyyətlərini yerinə yetirmək üçün öz ixtisaslarından kənar sahələrə üz tuturlar.

Əgər həmin şəxslərin daha çox gəlir gətirən başqa sahədə çalışmaq və orada mütəxəssisə çevrilmək istəyi olsaydı, ikinci ali təhsil almaq və ya ixtisaslarını dəyişmək istiqamətində addım atardılar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ