Mövsümü meyvələr əl yandırır: Bahalaşmanın görünməyən səbəbləri


Yay aylarında bazarda meyvə-tərəvəz qiymətlərinin ucuzlaşması gözlənilsə də, builki mövsümdə qiymətlərin baha olması istehlakçılar tərəfindən birmənalı qarşılanır. Mövsümün ortası olmasına və kifayət qədər bolluğa baxmayaraq, qiymətlərin enməməsi müşahidə olunur ki, bu da bir neçə səbəblə izah olunur.

Gilasın kiloqramı 18, alçanın 12, moruğun isə 18 manata qədər yüksəlib. Bəzi ekspertlər qiymət artımını yağıntılarla əlaqələndirirlər. Qeyd edirlər ki, yazın sonu və yayın əvvəlində kənd təsərrüfatı regionlarında müşahidə olunan qeyri-sabit hava şəraiti, intensiv yağışlar və dolu yağması meyvə ağaclarının çiçəkləmə dövrünə ciddi ziyan vurub.

Xalid Kərimli: Ağacların çiçəklənmə və tozlanma dövründə intensiv yağışlar məhsuldarlığı aşağı salır

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, yağan intensiv yağışlar, leysan xarakterli yağıntılar kənd təsərrüfatında əkinçiliyə ümumən müsbət təsir göstərsə də, amma bağçılığa mənfi təsir göstərib.

Ekspert vurğulayıb ki, ağacların çiçəklənmə və tozlanma dövründə yağışların intensiv xarakter alması məhsuldarlığı aşağı sala bilər:

“Bütün bunlar məhsul qıtlığı yaratmasa da, məhsulların təklifinin azlığına səbəb olur, bu da qiymətlərin daha baha olmasına gətirib çıxarır. Üstəlik, meyvə-tərəvəzin yığılması, maşınlarda Bakıya daşınması da xərcli proseslərdir”.

Müsahibimizin dediyinə görə, xüsusən, nəzərə alsaq ki, ötən illə müqayisədə daşıma xərcləri də artıb. Dizel yanacağının 2024-cü ildən 25 faiz artırılması daşıma qiymətlərinə təsir göstərib.

Cavad Quliyev: Fermer həm çəkdiyi xərcli qarşılamalı, həm də meyvə dövriyyəsi, istehsal gələn il də davam etməlidir

Kənd təsərrüfatı üzrə ekspert Cavad Quliyev isə Bakıvaxtı.az-a bildirib ki, mövsümi meyvələrin qiymətinə təkcə məhsuldarlıq deyil, həm də hava şəraiti, istehsal xərcləri, logistika və bazardakı tələb-təklif nisbəti də təsir göstərir. Onun sözlərinə görə, yəni meyvə bol olsa belə, bəzən fermer məhsulu baha satmağa məcbur qalır. Bu il fermerlər ötən illə müqayisədə az məhsul istehsal etdikləri və qazancın artıq olması üçün qiymətləri endirmirlər:

“Çünki fermer həm çəkdiyi xərcli qarşılamalıdır, həm də meyvə dövriyyəsi, istehsal gələn il də davam etməlidir. Fermerdən istehlakçıya qədər olan satış zəncirində vasitəçilərin çoxluğu da son qiymətin formalaşmasına təsir göstərən əsas amillərdəndir”.


MANŞET XƏBƏRLƏRİ