Azərbaycanda nağd pul dövriyyəsində mühüm yenilik tətbiq edilir. Belə ki, Azərbaycan Mərkəzi Bankı iyulun 15-dən yenilənmiş dizayna malik 100 manatlıq əskinası tədavülə buraxacaq. Qurumun məlumatına görə, yeni pul nişanında ən müasir təhlükəsizlik elementləri tətbiq edilib.
Bəs köhnə əskinasların taleyi necə olacaq? Dəyişdirilmə tələb olunurmu?
Məsələ ilə bağlı Globalinfo.az Azərbaycan Mərkəzi Bankına sorğu ünvanlayıb:
Sorğumuza cavab olaraq bildirilib ki, yeni 100 manatlıq əskinasların tədavülə buraxılması hazırda dövriyyədə olan köhnə 100 manatlıqların etibarlılığını heç bir halda itirmir:
“Yenilənmiş əskinaslar mövcud olan eyni nominallı pul nişanları ilə paralel şəkildə dövriyyədə olacaq və hər ikisi ölkə ərazisində ödəniş vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək”.
Köhnə əskinasların dəyişdirilməsi məsələsinə gəlincə isə qeyd olunub ki, onların dəyişdirilməsi üçün vətəndaşlardan hər hansı təcili addım atmaq və ya banklara müraciət etmək tələb olunmur:
“Ümumi qaydalara uyğun olaraq, dövriyyədə olan istənilən əskinas təbii aşınma prosesi nəticəsində yararsız hala düşdükcə dövriyyədən çıxarılır və yerini yenilərinə verir. Köhnə dizaynlı 100 manatlıqlar da məhz bu qaydada, dövriyyə prosesi çərçivəsində tədricən çıxacaq və yerini yenilənmiş əskinaslara verəcək. Bu müddət ərzində hər iki əskinas paralel dövriyyədə qalaraq ödənişlərdə maneəsiz istifadə olunacaq”.
Yenilənmiş 100 manatlıq əskinas barədə Mərkəzi Bankın rəsmi internet səhifəsində 15 aprel 2026-cı il tarixdə yerləşdirilmiş rəsmi press-relizdə ətraflı tanış ola bilərsiniz:
https://www.cbar.az/press-release-5456/central-bank-to-issue-upgraded-banknote-into-circulation