Azərbaycan Kikboksinq və Sambo Federasiyasının döyüş sambosu üzrə sabiq vitse-prezidenti, hazırda həbsdə olan Səbuhi Rəcəb və Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyevin cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib.
Turkustan.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq Səbuhi Rəcəbin əvvəlki cəzası hesablanmaqla o, qəti olaraq 8 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Elman Mirzəyev isə 7 il müddətinə azadlıqdan məhrum edilsə də, onun cəzası 3 il sınaq müddəti seçilməklə şərti hesab olunmaqla barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəzlənib.
Xatırladaq ki, dövlət ittihamçısı ötən prosesdə Səbuhi Rəcəbin 10 il, Elman Mirzəyevin isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Qeyd edək ki, hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar ümumilikdə 1 milyon manatlıq dələduzluqda ittiham edilib.
Qeyd edək ki,, Səbuhi Rəcəb 2014-2015-ci illərdə isə Azərbaycan Sambo Federasiyasında Döyüş Sambosu (Kombat Sambo) üzrə vitse-prezidenti, 2018-ci ildən isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti olub. 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.
2023-cü ildə dələduzluqda ittiham olunan S.Rəcəb Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib./oxu.az
xxx
Azərbaycanda külli miqdarda dələduzluqda təqsirləndirilən şəxs saxlanılıb.
Lent.az-ın məlumatına görə, 40 yaşlı Rəcəb Səbuhi Vaqif oğlu polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ələ keçirilib.
O, külli miqdarda dələduzluq etməkdə təqsirli bilinir.
Məlumata görə, Səbuhi Rəcəbin əməlindən 3 zərərçəkmiş var. Belə ki, S.Rəcəb tanışı olan bir qadının avtomobilini götürüb və onun xəbəri olmadan 40 min manata satıb. Digər qadının isə lizinq yolu ilə maşın alacağı adı ilə 51 min manatını mənimsəyib.
Onun əməlindən ən çox 3-cü şəxs zərər görüb. Məlumata görə, 3-cü zərərçəkmiş Səhiyyə Nazirliyinin dövlət həkimləri təkmilləşdirmə institutunun cərrahiyyə kafedrasının müdiri Əliyev Şahin Həşim oğludur. Səbuhi Rəcəb ona daha böyük vəd edib. Səbuhi Şahin Əliyevi dövlət həkimləri təkmilləşdirmə institutuna rektor təyin edəcəyini deyib. Bu məqsədlə ondan nə az, nə çox 150 min manat pul alıb. Ancaq Ş.Əliyev aldandığını görüb.
Bu yaxınlardan Səbuhi Rəcəbin istintaqı başa çatıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub. Cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Əli Məmmədovun icraatına verilib.
Qeyd edək ki, Səbuhi Rəcəb əvvəllər Azərbaycan Kikboksinq Federasiyası və Sambo Federasiyasında vitse-prezident olub. O, həmçinin 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd kimi qeydiyyata alınıb.
xxx
Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyev həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dələduzluqda ittiham edilən tanınmış idmançı barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə istintaq müddəti üçün 2 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Belə ki, 1976-cı il təvəllüdlü Elman Qurbanxan oğlu Mirzəyev barəsində Nərimanov RPİ-də Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə açılmış cinayət işinin istintaqı davam etdirilir.
Bildirilir ki, məşhur idmançının cinayət işi üzrə 3 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Belə ki, onun 2021-ci ildə paytaxt sakini A.Ağayevdən satmaq adı ilə “Land Rover” markalı avtomobili alaraq dəyərini ödəyəcəyini bildirməsi, lakin hər hansı ödəniş etməyərək 263 500 manat ziyan vurması məlum olub. Bundan başqa E.Mirzəyevin tanışı M.Əliyevə xaricdən “Range Rover Sport” və “Bentley” markalı avtomobillər gətirəcəyini vəd edərək 289 min manat alması, lakin vədinə tam əməl etməyərək vəsaitin 127 500 manatını ələ keçirməsi müəyyən edilib.
Digər şikayətçi M.Quluzadə isə E.Mirzəyevin ona məxsus daşınmaz əmlaka çıxarış alacağına dair vəd verərək 42 min manat aldığını, lakin vədinə əməl etməyərək vəsaiti ələ keçirdiyini bildirib.
Zərərçəkmiş şəxslər geridə qalan uzun müddət ərzində Elman Mirzəyevin vəzifəli və nüfuzlu şəxslərin adlarını çəkərək onlar vasitəsilə istintaqa təsir göstərməyə cəhd edərək məsuliyyətdən yayınmaq istədiyini də iddia ediblər.
Hazırda açılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.