SOCAR-ı hədəf alan PUA-lar: Rusiya nə istəyir?


Rusiya-Ukrayna müharibəsi davam etdiyi müddətdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı obyektləri də bir neçə dəfə hücumların hədəfinə çevrilib.

“Cebheinfo.az”-ın araşdırmasına əsasən, Rusiya Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi zərbələr nəticəsində şirkətə məxsus neft bazası və yanacaqdoldurma məntəqələri zərər görüb.

*2025-ci il avqustun 8-də Rusiya ordusu pilotsuz uçuş aparatları ilə Ukraynanın Odessa vilayətində yerləşən SOCAR-a məxsus neft bazasına ilk dəfə zərbə endirib. Beş “Shahed” pilotsuz uçuş aparatı ilə edilən hücum zamanı yanğın baş verib və dizel boru kəmərinə zərər vurulub. Nəticədə şirkətin 4 əməkdaşı ağır yaralanıb.

*2025-ci il avqustun 18-də Rusiya eyni SOCAR neft bazasını ikinci dəfə PUA-larla hədəfə alıb. Nəticədə 17 ədəd yanacaq çəni, nasosxana binası, operator və texniki otaqlar, eləcə də çəki məntəqələri zədələnib, ərazinin hasarı dağıdılıb. Neft bazasının ümumi tutumu 16 min kubmetrdən çoxdur.

Dəymiş ziyanın miqdarı müəyyən edilib, ekspertiza təyin olunub və təcili bərpa işləri aparılıb. Ukrayna rəsmiləri hücumun qəsdən SOCAR obyektinə yönəldiyini bildiriblər. Prezident Volodimir Zelenski bunu Azərbaycan-Ukrayna münasibətlərinə və enerji təhlükəsizliyinə qarşı hücum kimi qiymətləndirib.

*2026-cı il iyulun 5-də isə Rusiya ordusunun "Shahed" tipli üç pilotsuz uçuş aparatı SOCAR-ın Ukraynanın Nikolayev vilayətinin Neçayane kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə zərbə endirib. Hücum nəticəsində yanacaqdoldurma məntəqəsində partlayış baş verib. “SOCAR Energy Ukraine” şirkəti məlumatı təsdiqləyərək bildirib ki, üç ədəd “Şahid” tipli hücum PUA-sı Nikolayev vilayətinin Neçayane kəndində, Odeska küçəsi 2A ünvanında yerləşən yanacaqdoldurma məntəqəsini hədəfə alıb.

Zərbə nəticəsində məntəqənin inzibati binasına ziyan dəyib. Şirkətin məlumatına görə, qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, hava həyəcanı zamanı təhlükəsizlik təlimatlarına ciddi əməl olunması və sığınacağın mövcudluğu sayəsində daha ağır nəticələrin qarşısı alınıb. Hücum zamanı bütün əməkdaşlar sığınacaqda olduqlarından xəsarət alan olmayıb.

Qeyd edək ki, Rusiya ordusu son günlər Ukraynanın müxtəlif bölgələrində yerləşən yanacaqdoldurma məntəqələrinə kütləvi hava zərbələri endirir.


MANŞET XƏBƏRLƏRİ