Körpələrin sağlam böyüməsi və xəstəliklərə qarşı davamlı olması üçün güclü immun sistemi böyük əhəmiyyət daşıyır.
Turkustan.az bildirir ki, xüsusilə həyatın ilk iki ili immun sisteminin formalaşması baxımından ən vacib dövrdür.
İmmuniteti güclü olan körpələr infeksiyalara daha az yoluxur və xəstəlikləri daha yüngül keçirirlər.
Körpələr üçün ən güclü təbii müdafiə vasitəsi ana südüdür. Ana südü yalnız qida mənbəyi deyil, eyni zamanda immun sistemini dəstəkləyən anticisimlərlə zəngindir. Bu səbəbdən mümkün qədər ilk aylarda və davamlı şəkildə ana südü ilə qidalanma tövsiyə olunur.
İmmunitetin zəif olmasının əsas əlamətləri sırasında tez-tez təkrarlanan və ağır keçən infeksiyalar, uzunmüddətli xəstəliklər, çəki artımının zəifliyi, xroniki ishal və tez-tez yaranan ağız və dəri infeksiyaları yer alır. Belə hallarda valideynlərin vaxt itirmədən həkimə müraciət etməsi məsləhət görülür.
Mütəxəssislər immun sisteminin gücləndirilməsi üçün bir sıra vacib məqamlara diqqət yetirməyi tövsiyə edirlər. Bunlara peyvənd təqviminə riayət olunması, gigiyena qaydalarına əməl edilməsi, yaşa uyğun və balanslı qidalanma, eləcə də körpə üçün sakit və stresssiz mühitin yaradılması daxildir.
Əlavə qidaya keçid dövründə isə qatıq, yumurta, tərəvəz və meyvə kimi qidalar immun sisteminin möhkəmlənməsinə dəstək verir. /pravda.az/