Azərbaycanda güclü zəlzələlərin baş verməsi mümkündür


Oktyabrın 19-da İsmayıllı rayonunda və Xəzər dənizində zəlzələlərin qeydə alınması Azərbaycanda seysmik aktivliklə bağlı narahatlığı yenidən gündəmə gətirib.

Bəs yaxın günlərdə Şamaxı, Lənkəran və digər bölgələrdə də yeraltı təkanlar baş verə bilərmi? Güclü zəlzələ ehtimalı nə qədərdir?

Mövzu ilə bağlı seysmoloq Ənvər ƏliyevModern.az-a açıqlamasında bildirib ki, İsmayıllı ilə yanaşı, Şamaxıda, Lənkəranda və Azərbaycanın digər ərazilərində də zəlzələlərin baş verməsi mümkündür.

Onun sözlərinə görə, Azərbaycan Avrasiya litosfer tavasının üzərində yerləşir. Afrika və Ərəbistan tavalarının hərəkəti, xüsusilə Ərəbistan tavasının şimala doğru irəliləyərək Avrasiya tavası ilə toqquşması Yer qabığında gərginlik yaradır. Bu proseslər nəticəsində Azərbaycanda və Qafqazın digər ərazilərində zəlzələlər baş verir.

Seysmoloq qeyd edib ki, üç maqnitudalı zəlzələlər Yer qabığında gedən təbii hərəkətlərin nəticəsidir. Belə təkanların qeydə alınması özlüyündə təhlükəli vəziyyət demək deyil. Bununla belə, toplanmış enerjinin güclü təkanlarla boşalması ciddi fəsadlara səbəb ola bilər.

Ənvər Əliyev vurğulayıb ki, zəlzələnin dəqiq vaxtını, yerini və gücünü əvvəlcədən tam dəqiqliklə müəyyənləşdirmək mümkün deyil. Onun sözlərinə görə, 6–7 maqnitudalı zəlzələlərin baş verməsi ehtimalı da nəzərə alınmalıdır.

Seysmoloq əsas diqqətin tikililərin zəlzələyə davamlılığına yönəldilməsinin vacibliyini bildirib. O qeyd edib ki, Azərbaycan seysmik ərazidə yerləşdiyindən binaların inşası zamanı təhlükəsizlik tələblərinə ciddi əməl olunmalı, tikililərin möhkəmliyi əsas prioritetlərdən biri olmalıdır.


MANŞET XƏBƏRLƏRİ