Kim Çen In komaya düşüb? - Sensasion iddia


Şimali Koreya lideri Kim Çen Inın beyin qanaması keçirdiyi, komaya düşdüyü və təcili olaraq Pekindəki xəstəxanaya çatdırıldığı iddia olunur. Lakin onun xəstəxanaya yerləşdirildiyini və səhhətinin bu vəziyyətdə olduğunu təsdiqləyən heç bir sübut təqdim edilməyib.

Turkustan.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

“Kim Çen In beyin qanamasından sonra komadadır”, – deyə nəşr özünün “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“The Sun” bu məlumatı sosial şəbəkələrdə yayılan iddialara əsaslandırıb. Həmin məlumatlarda Şimali Koreya liderinin təcili tibbi yardım göstərilməsi üçün Pekindəki Pekin Birləşmiş Tibb Kollecinin xəstəxanasına aparıldığı bildirilir. Bununla belə, onun xəstəxanaya yerləşdirildiyini təsdiqləyən sübutlar və səhhətinin təsvir edilən vəziyyətdə olduğunu göstərən məlumatlar yoxdur.

Şimali Koreyanın dövlət mediasının məlumatına görə, Kim Çen In sonuncu dəfə oktyabrın 11-də ictimaiyyət qarşısına çıxıb. O, həyat yoldaşı Li Sol Çju və qızı Kim Çju E ilə birlikdə Pxenyandakı müdafiə muzeyini ziyarət edib.

Kim Çen Inın səhhəti ilə bağlı iddialar Şimali və Cənubi Koreya arasında onsuz da gərgin olan münasibətlər, eləcə də Şimali Koreya hərbçilərinin Kursk vilayətindəki münaqişədə iştirakı ətrafında beynəlxalq diqqətin artdığı bir vaxta təsadüf edir.

Bundan əvvəl Cənubi Koreya Ukraynanın təhvil verdiyi iki şimali koreyalı hərbi əsirlə bağlı məsələyə cəlb olunmuşdu. Bu hadisə Seul və Kiyev arasında fikir ayrılığına səbəb olmuşdu./modern.az


MANŞET XƏBƏRLƏRİ