Qırğızıstan Prezidenti Sadır Japarov Bişkekdə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı qəbul edib.
Turkustan.az xəbər verir ki, Qırğızıstan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, görüşdə iki ölkə arasında ticarət-iqtisadi, investisiya, enerji və nəqliyyat sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Sadır Japarov Azərbaycanla müttəfiqlik münasibətlərinin xüsusi xarakter daşıdığını vurğulayıb. O, əldə olunmuş razılaşmaların, o cümlədən Prezident İlham Əliyevin bu ilin iyulunda Qırğızıstana dövlət səfəri zamanı imzalanmış müttəfiqlik münasibətləri haqqında müqavilənin ardıcıl icrasının vacibliyini qeyd edib.
Sahibə Qafarova Prezident İlham Əliyevin salamlarını və xoş arzularını Qırğızıstan dövlət başçısına və xalqına çatdırıb.
Milli Məclisin sədri ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin dinamik inkişaf etdiyini bildirib, iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.
