ABŞ-ın müdafiə naziri Pit Heqsetin Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin göndərilməsini hələ də təsdiqləmədiyi iddia olunur.
Turkustan.az xəbər verir ki, “The Wall Street Journal”a (WSJ) danışan mənbələrin sözlərinə görə, Heqset Ukraynanın ballistik raketlərin qarşısını almaq üçün bu sistemlərlə bağlı müraciətini rəsmi şəkildə rədd etməyib, lakin təsdiq üçün zəruri prosedurları da tamamlamayıb.
Gecikmə ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyaları dayandırdığı və onunla Ukrayna Prezidenti Volodimir Zelenski arasında gərginliyin artdığı bir vaxta təsadüf edir.
Ağ Evin adının açıqlanmasını istəməyən rəsmisi isə ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədilə hər iki tərəflə əlaqə saxlayaraq konstruktiv rol oynamağa davam etdiyini bildirib.
Oktyabrın 9-da Tramp Rusiya ilə sanksiyaların müvəqqəti dayandırılması müqabilində qlobal yanacaq qiymətlərini aşağı salmaq məqsədilə yüz minlərlə ton dizel yanacağının tədarükü barədə razılığa gəlindiyini açıqlayıb.
Tramp son vaxtlar münasibətlərinin gərginləşdiyi Zelenskini Moskva ilə razılığa gəlmək istəməməkdə ittiham edib. O, “Bəlkə də Zelenskinin danışıqları başqasına həvalə etməsinin vaxtıdır” deyə bildirib.
Aytən Yaşar/Turkustan.az