Sürücülük sadəcə rahat maşınla hamar yollarda hərəkət etmək və yolun “dad”ını çıxarmaq deyil, onun özünəməxsus çətinlikləri də var. Xüsusilə sükan arxasında olmaq sürücüdən daim diqqətli olmağı, təmkinli və səbirli davranmağı, eyni zamanda baş verənlərə ani reaksiya verməyi tələb edir.
Təəssüf ki, hər sürücü bu sınaqdan uğurla çıxa bilmir. Yol hərəkəti qaydalarına əməl etməmək isə təkcə cərimə ilə nəticələnmir. Bəzi hallarda sürücü nəqliyyat vasitəsini idarə etməkdən də kənarlaşdırıla bilər.
Cərimədən daha artığı
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müəyyən hallar mövcud olduqda sürücü nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırıla və zəruri hallarda sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinəyə göndərilə bilər.
96.1.1. Dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda.
96.1.2. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı və ya nişanlarından biri olmadıqda, saxta və ya qeyri-standart olduqda, yaxud başqa nəqliyyat vasitəsinə verilmiş qeydiyyat nişanı ilə idarə edildikdə.
96.1.3. Nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə.
96.1.4. Sürücünün alkoqol, narkotik, psixotrop və ya digər güclü təsir edən maddələrin təsiri altında sərxoş olması ehtimalı üçün kifayət qədər əsas olduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda.
96.1.5. Nəqliyyat vasitəsinə normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, qanunla icazə verilməyən şüşə örtükləri çəkildikdə, yaxud müvafiq icazə olmadan xüsusi səs və ya sayrışan işıq siqnalları quraşdırıldıqda və pozuntunu yerində aradan qaldırmaq mümkün olmadıqda.
Bu hallardan biri ya bir neçəsi müəyyən olunarsa, 96.3-96.6-cı maddələrə əsasən, idarəetmədən kənarlaşdırma və müayinə ilə bağlı protokol tərtib edilir./Bizim.Media