Çində yeni virus yayılır: Minlərlə insan yoluxdu, müalicəsi yoxdur


Çinin Quanqdonq əyalətində son həftələrdə ağcaqanadlar vasitəsilə ötürülən çikunqunya virusunun 7000-dən çox hadisəsi aşkar edilib.

Turkustan.az xəbər verir ki, halların çoxu ölkənin cənubundakı Foşan şəhərində cəmləşib. Foşandan əlavə Quangdonqun ən azı 12 başqa şəhərində də hallar təsdiqlənib. Səlahiyyətlilər, yoluxmuş şəxsləri xəstəxanalarda təcrid etdiklərini və testlər apardıqlarını açıqladılar.

ABŞ Çinə səyahət edənlərə artan hallar fonunda "daha diqqətli olmaları" barədə xəbərdarlıq edib.

Yoluxmuş ağcaqanadın dişləməsi ilə yayılan virus qızdırma və şiddətli oynaq ağrılarına səbəb olur. Semptomlar adətən dişləmədən sonra 4-8 gün ərzində görünür, lakin 2-12 gün arasında dəyişə bilər. Xəstəlik adətən 2-3 gün davam edən yüksək hərarətin qəfil başlanğıcı ilə özünü göstərir. Ən görkəmli simptom şiddətli oynaq ağrısıdır. Bəzi insanlarda bu ağrı həftələr, aylar, hətta nadir hallarda illərlə davam edə bilər. Digər ümumi simptomlara baş ağrısı, əzələ ağrısı, yorğunluq, ürəkbulanma və dəri döküntüsü daxildir.

Xəstəlik nadir hallarda ölümcül olsa da, şiddətli ağrı səbəbindən həyat keyfiyyətinə ciddi təsir göstərə bilər. Əksər xəstələr bir həftə ərzində sağalsa da, bəzi hallarda göz, ürək və ya sinir sistemi ilə bağlı fəsadlar yarana bilər. Yenidoğulmuşlar (doğuş zamanı və ya ondan qısa müddət sonra yoluxmuşlar), 65 və daha yuxarı yaşda olan insanlar, hipertoniya, şəkərli diabet və ya ürək xəstəliyi olanlar ağır xəstəlik riski altındadırlar.

Chikungunya diaqnozu xəstənin simptomlarına və qan testlərinə əsaslanır. Xəstəliyə qarşı xüsusi bir dərman və ya peyvənd yoxdur. Müalicə bol maye və istirahətlə yanaşı qızdırma və ağrının azaldılmasını əhatə edir.

Çikungunya ilk dəfə 1952-ci ildə Tanzaniyada aşkar edilsə də, 110-dan çox ölkəyə yayılıb. Xüsusilə Afrika, Cənub-Şərqi Asiya və Sakit okean regionunda yayılmışdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ