Rusiya ilə Ermənistan arasında “ivanlar” ifadəsi ilə bağlı yeni qalmaqal yaranıb.
Turkustan.az xəbər verir ki, Rusiyanın Ermənistandakı səfirliyi Şirak vilayətinin qubernatoru David Aruşanyanın paylaşımını nasistlərin danışıqları ilə müqayisə edib. Bu barədə diplomatik nümayəndəliyin “Telegram” kanalında məlumat verilib.
Rusiya səfirliyinin açıqlamasında Aruşanyanın paylaşımında yer alan ifadələrin təəccüblə qarşılandığı bildirilib. Diplomatik nümayəndəlik qeyd edib ki, hansısa “ivanlar”ın xatırladılması Böyük Vətən müharibəsi dövründə nasistlərin danışıqlarına oxşayır.
Səfirlik əlavə edib ki, bu cür açıq bəyanatlar ruslara qarşı milli düşmənçiliyi qızışdıra bilər. Bunun isə iki ölkə xalqları arasında əsrlər boyu formalaşmış dostluq münasibətlərinin ruhuna tamamilə zidd olacağı vurğulanıb.
Xatırladaq ki, oktyabrın 17-də Şirak vilayətinin qubernatoru David Aruşanyan paylaşım edərək belə yazmışdı: “Gümrü sizin “Nijni Tabor”unuz, gümrülülər də sizin “ivanlarınız” deyil”./modern.az