ABŞ-ın vitse-prezidenti JD Vensin benzin qiymətlərinin artması ilə bağlı açıqlamaları ölkədə müzakirələrə səbəb olub. Vens qiymət artımını keçmiş prezident Co Baydenin administrasiyası dövründə yaranan iqtisadi problemlərlə əlaqələndirib.
Turkustan.az xəbər verir ki, Vens noyabrın 3-də keçiriləcək aralıq seçkilər ərəfəsində Montanada keçirilən mitinqdə çıxış edərək benzin qiymətlərinin yüksək olmasından narazılıq edən amerikalıların haqlı olduğunu bildirib.
“İndi bir çox insanın ‘benzin qiymətləri çox yüksəkdir, ölkəmizdə son 50 ildə ən yüksək inflyasiyaya səbəb olan Bayden dövrünün dəhşətli inflyasiyasını düzəltmək üçün hələ çox iş görülməlidir’ dediyini eşidəcəksiniz. Bunu başa düşürəm, onlarla razıyam”, – deyə Vens bildirib.
Vitse-prezidentin bu açıqlamaları seçkilər ərəfəsində diqqət çəkib. Belə ki, benzin qiymətlərinin gündəmə gətirilməsi seçicilərin hazırkı administrasiyanın iqtisadi siyasətinə münasibətinə də təsir göstərə bilər.
Aytən Yaşar/Turkustan.az