Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı arasında Ankarada keçirilən görüş başa çatıb.
“TRT Haber” telekanalının və “Anadolu” agentliyinin xəbərinə görə, oktyabrın 27-də Prezident Administrasiyasının Beştəpədəki kompleksində keçirilən görüş mətbuata qapalı olub.
Türkiyə mediasında görüşün gündəliyi ilə bağlı əsasən “Terrorsuz Türkiyə” prosesi, yeni konstitusiya müzakirələri, daxili siyasi vəziyyət və regional hadisələr önə çəkilib. “Cumhuriyet”in NTV-yə istinadən yaydığı məlumatda bu məsələlər liderlərin müzakirə edəcəyi gözlənilən mövzular kimi göstərilib.
“A Haber”in görüşöncəsi məlumatında isə parlamentin qarşıdakı fəaliyyət təqvimi, Cümhur İttifaqının 2028-ci ilə dair planları, Şərqi Aralıq dənizi və Yaxın Şərqdəki proseslər mümkün gündəm başlıqları sırasında təqdim olunub.
Azərbaycan məsələsinə gəlincə, Türkiyə sosial mediasında bu mövzunun Ərdoğan–Baxçalı görüşündə müzakirə edildiyi barədə bilgilər keçib. “Anadolu” agentliyinin görüş barədə məlumatında isə müzakirələrin konkret məzmunu açıqlanmır.
Bununla yanaşı, Azərbaycan mövzusu Baxçalının son təmaslarında yer alıb. “Türkgün” qəzetinin oktyabrın 27-də dərc etdiyi ayrıca xəbərə görə, MHP lideri Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin rəhbəri Aygün Attarın başçılıq etdiyi heyəti qəbul edərkən Azərbaycanın Türkiyə və türk dünyası üçün əvəzolunmaz əhəmiyyətini vurğulayıb.
Son günlər cənab Ərdoğanın da gündəmində Azərbaycan məsələsi olduğu üçün iqtidar ittifaqının liderlərinin bu mövzunu da müzakirə etdiklərinə dair ciddi iddialar var./Musavat.com