Rusiya Prezidenti Vladimir Putin Arktika bölgəsində həyata keçirilən enerji layihələri çərçivəsində ABŞ şirkətləri ilə əməkdaşlıq imkanlarının nəzərdən keçirildiyini bildirib.
Turkustan.az xəbər verir ki, Putin Moskvada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 8-ci Zirvə Toplantısında çıxışı zamanı qlobal təbii qaz bazarındakı vəziyyəti və Rusiyanın enerji sektorunun prioritetlərini dəyərləndirib.
Putin Rusiyanın təbii qaz ehtiyatlarının həcminə görə dünyada birinci, hasilatına görə isə ikinci yerdə olduğunu qeyd edib. O, ölkəsinin enerji sektorunda texnoloji müstəqilliyini gücləndirmək istiqamətində səylərini davam etdirdiyini vurğulayıb.
Rusiya prezidentinin sözlərinə görə, ölkədə Arktikanın sərt iqlim şəraitində istifadə oluna bilən yerli mayeləşdirilmiş təbii qaz (LNG) texnologiyaları hazırlanıb. Bundan əlavə, təbii qaz yataqlarının rəqəmsal modelləşdirilməsi və seysmik tədqiqatlar sahəsində də irəliləyiş əldə edilib.
Aytən Yaşar/Turkustan.az