Ramiz Mehdiyevlə bağlı iclas çağırılır – SƏBƏB


“Ramiz Mehdiyev törətdiyi əməllərə görə, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlüyündə qala bilməz”.

Turkustan.az xəbər verir ki, bunu APA-ya açıqlamasında AMEA-nın prezidenti İsa Həbibbəyli deyib.

“Lazımi qərarı verəcəyik. Ən yaxın zamanda AMEA-nın bununla bağlı iclasını çağıracağıq”, – İsa Həbibbəyli qeyd edib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, Ramiz Mehdiyevin yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olmasına qərar verilib.

Hökmdə, həmçinin, Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb.

Ramiz Mehdiyevin əmlaklarının müsadirə olunaraq dövlət nəfinə keçirilməsi də hökmdə əksini tapıb.

Xatırladaq ki, Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.

Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.


MANŞET XƏBƏRLƏRİ