Putin bu liderlərlə gözlənilməz görüşlər keçirir


Rusiya Prezidenti Vladimir Putin Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Store ilə telefon danışığı aparıb. Söhbət zamanı Ukrayna böhranının həlli və mümkün sülh danışıqları müzakirə olunub.

Turkustan.az xəbər verir ki, Kremlin yaydığı məlumata görə, telefon danışığı Finlandiya və Norveç tərəflərinin təşəbbüsü ilə baş tutub.

Bəyanatda bildirilir ki, tərəflər Putinin oktyabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffla görüşünü, eləcə də Stubb və Storenin oktyabrın 20-də Osloda Ukrayna Prezidenti Volodimir Zelenski ilə təmaslarını nəzərə alaraq Ukrayna böhranının həlli yolları barədə fikir mübadiləsi aparıblar.

Liderlər noyabrın birinci yarısında Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların bərpası ilə bağlı razılaşmanı alqışlayıblar. Məlumata görə, danışıqlarda hərbi əməliyyatların tam dayandırılmasından sonra Rusiya və Ukraynanın təhlükəsizliyi ilə bağlı məsələlərin həlli nəzərdə tutulur.

Putin böhranın kök səbəblərini xatırladaraq Ukrayna cəbhəsindəki vəziyyətlə bağlı mövqeyini açıqlayıb. Kremlin bəyanatında vurğulanıb ki, ədalətli və davamlı sülh yalnız Rusiyanın qanuni maraqlarının tam və qeyd-şərtsiz nəzərə alınması ilə mümkündür.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ