Almaniyanın Hannover şəhəri yaxınlığında yerləşən Noyştadt-am-Rübenberge (Neustadt am Rübenberge) qəsəbəsində avtomobilin qəsdən insanların üzərinə sürülməsi nəticəsində ən azı 5 nəfər xəsarət alıb.
Turkustan.az xəbər verir ki, Hannover Polis İdarəsinin verdiyi məlumata görə, hadisə Meklenhorster küçəsində, yerli vaxtla təxminən saat 23:30-da baş verib. Ərazidə adi yol-patrul yoxlaması aparan polis əməkdaşları göy rəngli modifikasiya olunmuş "BMW" markalı avtomobilin qəsdən piyadaların üzərinə sürüldüyünü müəyyən ediblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları nəqliyyat vasitəsini saxlatmaq məqsədilə avtomobilə atəş açıblar. Buna baxmayaraq, sürücü və avtomobildəki şəxslər nəqliyyat vasitəsini tərk edərək piyada qaçmağı bacarıblar. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 nəfər xəstəxanaya yerləşdirilib; onların həyatı üçün təhlükənin olmadığı bildirilir.
Aparılan əməliyyat-axtarış tədbirləri çərçivəsində avtomobil sahibinin mənzilində axtarış aparılıb və orada olan 3 nəfər saxlanılaraq nəzarətə götürülüb. Faktla bağlı təhqiqat davam edir.
Aytən Yaşar/ Turkustan.az