Həkimlərin məlumatına görə, 18–69 yaş arası böyüklərin 30%-dən çoxu yüksək qan təzyiqindən əziyyət çəkir. Qan təzyiqini normallaşdırmaq üçün mütəxəssislər gündəlik olaraq azı 200 qram meyvə və tərəvəz qəbul etməyi tövsiyə edirlər. Lakin son araşdırmalara əsasən, yüksək təzyiqlə mübarizədə xüsusilə effektiv olan meyvə banandır.
Xarici media xəbərlərinə görə, banandan müntəzəm istifadə etdikdə, müsbət nəticələr artıq 3 həftə ərzində hiss olunur.
Bananın qan təzyiqinə təsiri
Bananda əsas üstünlük onun yüksək kalium tərkibidir. Kalium orqanizmdə artıq natriumu (duzu) xaric etməyə kömək edir və bu da damarların vəziyyətini yaxşılaşdırır. Damarların genişlənməsi qan axınını asanlaşdırır və təzyiqin stabilləşməsinə səbəb olur.
Bir orta ölçülü bananda təxminən 422 mq kalium mövcuddur. Gündəlik tövsiyə olunan kalium miqdarı qadınlar üçün 2600 mq, kişilər üçün isə 3400 mq-dir.
Banandan daim istifadə etmək hipertoniyanın qarşısını almaqda və ürək-damar sistemini dəstəkləməkdə əhəmiyyətli rol oynayır.
2015-ci ildə Nepalda aparılmış araşdırmada göstərilib ki, ardıcıl 20 gün ərzində gündə 2 ədəd banan yemək həm yuxarı, həm də aşağı təzyiqi əhəmiyyətli dərəcədə azaldır.
Banandan yalnız təzyiq üçün yox, başqa faydalar üçün də istifadə olunur
Banan tərkibindəki digər faydalı maddələrlə də sağlamlığa dəstək olur:
Pəhriz lifləri həzmi yaxşılaşdırır və uzun müddət toxluq hissi yaradır, B qrupu vitaminləri, xüsusilə B6, sinir sisteminin işləməsi və “xoşbəxtlik hormonu” olan serotonin sintezi üçün vacibdir. Antioksidantlar hüceyrələri zədələnmədən və qocalmadan qoruyur, təbii şəkərlər (fruktoza, qlükoza, saxaroza) fiziki aktivlikdən sonra enerji ehtiyatını bərpa edir.
Banan həmçinin triptofan adlı amin turşusu ilə də zəngindir. Bu maddə yaddaşı yaxşılaşdırır, öyrənmə qabiliyyətini artırır və emosional tarazlığı qorumağa kömək edir.
Amerika Diabet Assosiasiyası da bananın rasiona daxil edilməsini tövsiyə edir. Onun tərkibindəki liflər qanda şəkər səviyyəsini tənzimləməyə və ümumi vəziyyəti yaxşılaşdırmağa kömək edə bilər./lent.az