Azərbaycanda bu sahələr üzrə müəllim tapılmır


“İdman sənayesində müəllim kimi fəaliyyət göstərən kadrlar olduqca azdır. Məşqçi kimi çalışan və ya peşəkar idmançı olan şəxslər çox ola bilər. Lakin ali təhsil müəssisəsində dərs demək üçün elmi dərəcə tələb olunur. Elmi dərəcəsi olan, praktik idmandan gələn, eyni zamanda, pedaqoji təcrübəsi olan və ya pedaqoq kimi fəaliyyət göstərmək istəyən şəxslərin sayı azdır. Məsələn, həndbol və ya velosiped idmanı üzrə müəllim tapmaq bizim üçün olduqca çətindir. Qış idman növləri ixtisasımız var, amma bu sahə üzrə ölkədə mütəxəssis yoxdur. Bu səbəbdən əcnəbi mütəxəssislər dəvət edirik. Dərslərin bir qisminin Bakıda, bir qisminin Şahdağda keçirilməsi planlaşdırılır”.

Turkustan.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan İdman Akademiyasının (ASA) tədris işləri üzrə prorektoru Ülkər Babayeva deyib.

O bildirib ki, müxtəlif ixtisaslarda ehtiyac səbəbindən əcnəbi mütəxəssislər Akademiyaya dəvət olunurlar: “Buna baxmayaraq, müsbət tendensiyalar da var. Son 5 il ərzində kifayət qədər məzunumuzun Akademiyada işə marağı artıb. Kadr hazırlığı prosesi məzunların müəllim kimi fəaliyyət göstərməsinə töhfə verir. Bir çox ixtisasların xüsusilə, idman tibbi, idman menecmenti ixtisaslarının məzunları Akademiyada müəllim kimi çalışırlar”.

Ülkər Babayeva idman tibbi üzrə magistratura proqramının Böyük Britaniyanın London Kollec Universiteti (University College London-UCL) ilə birgə həyata keçirildiyini qeyd edib: “London Kollec Universiteti idman tibbi sahəsində dünyanın ilk üçlüyünə daxil olan universitetlərdəndir və onlar bir qayda olaraq ikili diplom proqramları həyata keçirmirlər. Lakin müəllim və tələbə mübadiləsinə, təcrübənin bölüşülməsinə açıqdırlar. Bu proqramın özəlliyi ondadır ki, idman tibbi üzrə tədris yalnız ingilis dilində aparılır və tədrisə əcnəbi müəllimlər cəlb olunur. Əcnəbi müəllimlərin böyük əksəriyyəti London Kollec Universiteti, London Kral Kolleci, Kil Universiteti, Uorvik Universiteti kimi nüfuzlu universitetlərdən gəlir. Proqramın rəhbəri Böyük Britaniyanın UCL Universitetinin professoru, UCL-in İdman Fiziki Fəaliyyət və Sağlamlıq İnstitutunun aparıcı eksperti, Böyük Britaniyanın Kral Tibb Cəmiyyətinin İdman Tibbi Bölməsinin vitse-prezidenti, İdman Tibbi üzrə Avropa Standartının müəllifi, Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti Mayk Luzmordur. Müəllimlər onun tövsiyəsi ilə seçilir və cəlb olunurlar. Tədris müddətində tələbələr İngiltərəyə səfər edirlər. Tələbələrin elmi işlərinin hazırlanmasında elmi rəhbərlərin iştirakı danılmazdır, bu səbəbdən proqrama cəlb olunan bütün elmi rəhbərlər əcnəbilərdir. Müdafiə zamanı həm yerli, həm də əcnəbi mütəxəssislər iştirak edirlər. Müxtəlif federasiyalarda idman həkimlərinə ehtiyac olduğundan “İdman tibbi” proqramının məzunları təhsillərini bitirməmişdən əvvəl əmək bazarında işə dəvət olunurlar. Sevindirici haldır ki, Akademiyanın ekosistemi məzunların burada qalmasını və Akademiyanın inkişafına töhfə verməsini təşviq edir. Sözügedən proqramın məzunları adətən bakalavriat təhsil səviyyəsində fizioterapiya ixtisasında təhsil alan tələbələrə dərs deyirlər”.

Prorektor müəllimlər üçün həyata keçirilən peşəkar inkişaf proqramlarından danışıb: “2024-cü ildə “İdman təhsili: Tədris və təlimə fərqli baxış” adlı 30 akademik saatdan ibarət proqrama 400-dən artıq müəllimimiz cəlb olunub. Təlimlərdə pedaqoji strategiyalar, tələbənin öyrənməyə cəlb olunması, motivasiyanın artırılması, müəllim-tələbə münasibətləri və bu münasibətlərin tədrisə təsiri kimi mövzular yer alıb. Bununla yanaşı, əcnəbi müəllimlərimizin dəstəyi ilə mütəmadi elmi müzakirələr, dəyirmi masalar təşkil olunur.

İdman müəllimlərimiz həm yerli, həm də beynəlxalq idman təşkilatlarının təşkil etdiyi proqramlarda iştirak edirlər. Qeyd edim ki, idman müəllimlərimizin böyük əksəriyyəti peşəkar idmançı və ya beynəlxalq dərəcəli hakimdir. Onların idman karyerası zəngindir, bir çoxunun fəxri adları və dövlət təltifləri var. İdman tibbi, fizioterapiya ixtisaslarında dərs deyən müəllimlərimiz üçün də peşəkar inkişaf proqramları həyata keçirilir. Məsələn, diz və çiyin nahiyəsində zədələrin aradan qaldırılmasına yönəlik təlimlər əcnəbi mütəxəssislər tərəfindən aparılır”.


MANŞET XƏBƏRLƏRİ