Torpaq və texnologiyanın strateji ittifaqında ADAU ilə BANM gələcəyin modelini qurur


( İnterdisiplinar yanaşma, innovativ tədris və ərzaq təhlükəsizliyi naminə iki ali məktəbin ortaq vizyonu )

Azərbaycan ali təhsil məkanında fevralın 11-də mühüm hadisə baş verdi. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Dövlət Aqrar Universitetinə səfəri iki ali məktəb arasında münasibətləri yeni strateji mərhələyə yüksəltdi. Bu görüş təkcə protokol xarakterli rəsmi təmas olmadı. Bu ölkənin gələcək inkişaf prioritetlərinə hesablanmış ciddi akademik və elmi platforma kimi dəyərləndirilə bilər.

ADAU və BANM müxtəlif ixtisas istiqamətlərində ixtisaslaşsalar da, onların strateji baxışları bir nöqtədə-innovasiya, texnologiya və dayanıqlı inkişaf fəlsəfəsində qovuşur. ADAU aqrar sahədə ölkənin əsas elmi-tədris mərkəzi olaraq ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının modernləşdirilməsi və biomühəndislik istiqamətlərində ixtisaslaşır. BANM isə mühəndislik, informasiya texnologiyaları, enerji və proseslərin optimallaşdırılması sahəsində yüksək ixtisaslı kadr hazırlığı ilə seçilir. Məhz bu iki xəttin kəsişməsi müasir dövrün əsas çağırışlarına cavab verir. Aqrar sahədə rəqəmsallaşma, ağıllı kənd təsərrüfatı sistemləri, alternativ enerji həllərinin kənd təsərrüfatına tətbiqi, mühəndislik və aqrar elmin inteqrasiyası. ADAU-nun rektoru Zəfər Qurbanovun vurğuladığı kimi, interdisiplinar yanaşma artıq seçim yox, zərurətə çevrilib. Əslində müasir universitet modeli elm və sənayeni birləşdirən çevik əməkdaşlıq platforması olmalıdır. BANM rektoru Elmar Qasımovun ərzaq təhlükəsizliyini qlobal çağırış kimi dəyərləndirməsi isə bu əməkdaşlığın strateji mahiyyətini daha da aydın göstərir.

Ortaq ixtisaslar və sinerji imkanları na gəldikdə isə ilk baxışda aqrar və neft-mühəndislik profilli ali məktəblər fərqli istiqamətlər kimi görünə bilər. Lakin müasir elmi reallıq bu sərhədləri aradan qaldırır. Ortaq və bir-birini tamamlayan sahələr bunlardır. Aqrar mühəndislik və mexanizasiya, Avtomatlaşdırma və idarəetmə sistemləri, Süni intellekt və məlumat analitikası, Ekoloji təhlükəsizlik və dayanıqlı enerji və Biotexnologiya və proses mühəndisliyi. BANM-in texnoloji potensialı ADAU-nun tətbiqi aqrar bazası ilə birləşdikdə ortaya tamamilə yeni model çıxır: Texnologiya ilə gücləndirilmiş kənd təsərrüfatı.

Rəsmi görüşdən sonra nümayəndə heyətinin ADAU-nun müasir laboratoriyalarına – açıq və qapalı balıqyetişdirmə komplekslərinə, heyvandarlıq mərkəzinə, maşın-traktor parkına, vivarium və istixana kompleksinə səfəri göstərdi ki, aqrar təhsil artıq klassik formatdan çıxaraq innovativ elmi mərkəzə çevrilib. Beləcə də imzalanan əməkdaşlıq memorandumu formal sənəd deyil. Bu sənəd müəllim və tələbə mübadiləsinin genişlənməsi, birgə elmi layihələrin icrası, beynəlxalq qrant proqramlarında ortaq iştirak, innovativ tədris metodlarının tətbiqi kimi konkret istiqamətləri özündə ehtiva edir. Əgər bu əməkdaşlıq institusional səviyyədə davamlı şəkildə qurularsa, ADAU və BANM birgə tədqiqat mərkəzləri yarada, aqrar sahədə texnoloji startapların formalaşmasına təkan verə və regionda nümunəvi universitet-sənaye modeli ortaya qoya bilər.

Bu səfər hər iki ali təhsil müəssisəsinə üç mühüm perspektiv vəd edir. Birincisi akademik güclənməsidir ki, bu da elmi potensialın birləşdirilməsi daha böyük layihələrin həyata keçirilməsinə imkan yaradacaq. İkincisi tətbiqi innovasiyadır. BANM-in mühəndislik imkanları ADAU-nun sahə təcrübəsi ilə sintez olunaraq real istehsal və aqrar məhsuldarlığa təsir göstərə bilər. Üçüncüsü milli prioritetlərə töhfədir və ərzaq təhlükəsizliyi, texnoloji modernləşmə və regionların inkişafı kimi strateji istiqamətlər bu əməkdaşlıqdan birbaşa faydalana bilər.

Qonaqların Gəncənin tarixi və görməli məkanlarını ziyarəti də simvolik məna daşıyırdı. Bu, elm və mədəniyyətin vəhdətini, tarixi ənənə ilə müasir inkişafın paralel gedişini ifadə edir. Azərbaycanın ikinci böyük şəhərində atılan bu addım ali təhsilin regionlarda inkişafının da önəmini bir daha göstərdi. Nəticə etibarilə demək olar ki, ADAU və BANM arasında qurulan bu körpü sadəcə iki universitet arasında deyil. Bu, mühəndisliklə aqrar elmin, texnologiya ilə torpağın, innovasiya ilə ənənənin birləşməsidir. Əgər bu strateji xətt davamlılıq qazanarsa, gələcəkdə biz Azərbaycanın aqrar sektorunda rəqəmsal transformasiyanın məhz bu əməkdaşlıqdan qaynaqlandığını görəcəyik. Bu zaman Gəncədə atılan bu addım sadəcə bir səfər kimi deyil, yeni bir inkişaf mərhələsinin başlanğıcı kimi xatırlanacaq.

Qalib Rəhimli


MANŞET XƏBƏRLƏRİ