"Azərbaycanda məktəbli forması və hicab mövzusu ətrafındakı müzakirələr həm qanunvericilik, həm də dünyəvi təhsil prinsipləri müstəvisində tənzimlənir".
Bunu Publika.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru, təhsil üzrə ekspert İlqar Orucov deyib.
Onun sözlərinə görə, sözügedən məsələnin həlli üçün bir neçə əsas məqam var:
"Dövlət ümumi təhsil müəssisələrində “Təhsil haqqında" Qanuna və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən vahid geyim forması tətbiq edilir. Bu qaydalarda təsdiq olunmuş geyim nümunələri arasında dini atributlar (hicab və s.) yer almır. Məktəbli formasının tətbiqinə nəzarət məktəb rəhbərliyinin və Pedaqoji Şuranın üzərinə düşür. Valideynlər isə övladlarını təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına uyğun hazırlamağa borcludurlar.
Məktəb və valideyn arasında yaranan fikir ayrılıqları qarşılıqlı anlaşma yolu ilə həll edilməlidir. Əsas prinsip şagirdin təhsildən kənarda qalmaması və məktəbin dünyəvi mühitinin qorunmasıdır. Azərbaycan dünyəvi dövlətdir və təhsil müəssisələri din fəaliyyətindən ayrıdır. Vahid forma sosial bərabərliyi təmin etmək və şagirdlər arasında fərqlilikləri minimuma endirmək məqsədi daşıyır".
Ekpert hesab edir ki, bu məsələdə ən böyük məsuliyyət həm qanunun tələblərini yerinə yetirən, həm də şagirdin psixoloji vəziyyətini nəzərə alan təhsil idarəçiləri və valideyn icmalarının üzərinə düşür.