“Günün ulduzu” şəxsiyyətə verilən dəyərin adıdır


İlk olaraq deyim ki, mən pedaqoq deyiləm. Ola bilər indi təqdim etdiyim fikirlərdə mənimlə razıılaşmayan olsun. Mən sadəcə öz düşündüyümü və anladığımı deyirəm. Tam aydındır ki, müasir təhsil yalnız bilik ötürmək missiyası daşımır. O, eyni zamanda şəxsiyyət yetişdirir, xarakter formalaşdırır, insani keyfiyyətləri önə çıxarır. Bu baxımdan Şəmkir Kimya-Biologiya Təmayüllü Liseyində tətbiq olunan “Günün ulduzu” təşəbbüsü məncə sadə bir təşviq mexanizmi deyil, dərin pedaqoji məna daşıyan düşünülmüş bir addımdır. “Günün ulduzu” həm də sadəcə bir ad, yaxud simvolik mükafat deyil. Bu anlayış şagirdin gün ərzində nümayiş etdirdiyi intellektual fəallığın, davranış mədəniyyətinin, məsuliyyət hissinin və nümunəvi mövqeyinin bütöv şəkildə dəyərləndirilməsidir. Yəni ulduz olmaq təkcə dərsdə cavab vermək deyil, şəxsiyyət kimi seçilməkdir. Bu layihə şagirdə açıq mesaj verir: “Sən bu gün öz üzərində qələbə qazandın və bu qələbə göründü və sənindir.” Hesab edirəm pedaqoji baxımdan bu təşəbbüsün üstünlükləri çoxşaxəlidir. İlk növbədə, şagirdlərdə daxili motivasiya güclənir. “Günün ulduzu” seçilən şagirdlər mükafat xatirinə deyil, öz potensialını reallaşdırmağın verdiyi məmnunluq üçün çalışır. Təhsildə davamlı uğurun əsasında da məhz bu daxili motivasiya dayanır. Eyni zamanda, bu yanaşma liseydə sağlam rəqabət mühiti yaradır. Rəqabət isə qarşıdurmaya deyil, inkişafa xidmət edir. Şagirdlər bir-birini sıxışdırmaq yox, bir-birindən öyrənmək yolunu seçirlər. Bu isə kollektiv ruhun möhkəmlənməsinə gətirib çıxarır.

“Günün ulduzu” seçilən şagirdlər üçün bu status özünəinam və məsuliyyət hissi yaradır. Onlar anlayır ki, davranışı, sözü, münasibəti diqqət mərkəzindədir. Bu hal “Günün ulduzu” olan şagirdlərdə özünənəzarət, liderlik keyfiyyətləri və cəmiyyət qarşısında cavabdehlik duyğusunu da formalaşdırır. Bu mexanizmin ən işıqlı tərəflərindən biri də görünməyən zəhmətin görünməsidir. Səssiz, sakit, amma ardıcıl çalışan şagirdlərin əməyinin qiymətləndirilməsi onların özlərinə olan inamını artırır və təhsilə bağlılığını möhkəmləndirir. Digər mühüm məqam isə mənə elə gəlir ki, mənəvi təşviqin maddi mükafatı üstələməsidir. “Günün ulduzu” layihəsi sübut edir ki, bu təqdir olunmaq insan üçün ən böyük mükafatdır. Şagirdlər dərk edir ki, diplomdan və qiymətdən əvvəl onu ucaldan verilən dəyərdir. Digər tərəfdən isə bu təşəbbüs şagirdə özünü dəyərli hiss etməyi, uğurun təsadüf deyil zəhmətin nəticəsi olduğunu anlamağı, cəmiyyət içində seçilməyin məsuliyyətini daşımağı, “mən bacarıram” inamını və sabah üçün daha böyük hədəflər qoymaq cəsarətini qazandırır. Bir günün adı olan bu ulduz, əslində ömrə təsir edən bir iz buraxır.

Ümumilikdə, Şəmkir KBTL-də atılan bu addım göstərir ki, lisey yalnız bilikli kimyaçı və bioloqlar deyil, düşünən, dəyərləndirən və cəmiyyət üçün məsuliyyət daşıyan vətəndaşlar yetişdirməyi qarşısına məqsəd qoyub. Bu yanaşma Elm və Təhsil Nazirliyinin təhsil fəlsəfəsi ilə tam səsləşir. Təhsil təkcə bilik deyil, həm də şəxsiyyət formalaşdır fikrini təsdiqləyir.

“Günün ulduzu” layihəsi məktəb divarları arasında yanan kiçik bir işıqdır. Amma bu işıq düzgün qorunarsa, gələcəkdə cəmiyyətin yolunu işıqlandıran böyük ulduzlara, nurlu sabahlara çevrilə bilər. Məhz belə təşəbbüslər sabahın alimlərini, həkimlərini və vicdanlı vətəndaşlarını formalaşdırır.

Sonda isə bu addım, bu layihə üçün mən ailəmizə dogma olan, nəvəm Qalib Rəhimlinin məhz düşündüyüm kimi formalaşma yollarında inamlı addımları, dəfələrlə günün ulduzlarından olan, babaya və ailəyə verdiyi sevincə görə liseyin direktoru Səməndər müəllim Həsənova və liseyin bütün kollektivinə təşəkkürümü bildirirəm. Onların təhsilə yanaşması və işığa doğru qətiyyətli yol getməsi insanın ruhunu isidir. Mən bu gözəl təşəbbüsə — “Günün ulduzu” layihəsinin tətbiqi üçün pedaqoji köllektivə bir daha minnətdarlığımı bildirirəm.

Qalib Rəhimli.


MANŞET XƏBƏRLƏRİ