Rusiyaya qarşı sanksiyalar Azərbaycana necə təsir göstərəcək?


Avropa İttifaqı 2022-ci ildən bəri Rusiyaya qarşı ən böyük sanksiya paketini hazırlayır.

Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

“Payıza qədər müharibənin başlanğıcından bəri ən genişmiqyaslı sanksiyalar paketini təklif edəcəyəm.

Qəbul edildikdən sonra sanksiyalara məruz qalan Rusiya hüquqi və fiziki şəxslərinin ümumi sayı xeyli artacaq. Moskva müharibəyə son qoyana qədər təzyiqlər daha da artmalıdır”, - Kallas bildirib.

Onun sözlərinə görə, Avropa sanksiyaları artıq Rusiyaya ciddi ziyan vurub və onu 1 trilyon avrodan çox vəsaitdən məhrum edib.

Maraqlıdır, Rusiyaya qarşı sanksiyalar Azərbaycana necə təsir göstərəcək?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheifno.az”-a bildirib ki, bu günə qədər Avropa İttifaqı Rusiyaya qarşı 21 sanksiya paketi hazırlayıb:

“Bunun Azərbaycana hər hansı təsiri olmayıb. Çünki Azərbaycan sanksiya paketinə düşən məhsullarla bağlı Rusiyayla alış-verişə çox həssas yanaşır. Azərbaycanla Rusiya arasında əsas ticarət dövriyyəsi ərzaq, kənd təsərrüfatı məhsullarıdır və tikinti materialları üstünlük təşkil edir.

Bu növ mal və məhsullar isə sanksiya paketinə salınmır. Çünki onlar hərbi təyinatlı deyillər. Düşünmürəm ki, yeni sanksiya paketinin Azərbaycana hansısa bir təsirləri olsun”.


MANŞET XƏBƏRLƏRİ