Azərbaycanın Özbəkistana satdığı məhsullar AÇIQLANDI


Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində Azərbaycan-Özbəkistan arasında ticarət dövriyyəsinin artım dinamikasına da diqqət çəkilib.

Turkustan.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 3,2 dəfə artaraq 795 milyon dollara çatıb:

"Ötən il Azərbaycanın Özbəkistandan idxalı 719 milyon, ixracı isə 76 milyon dollar təşkil edib. Beləliklə, Özbəkistanın Azərbaycanla ticarətdə 643 milyon dollarlıq müsbət saldosu yaranıb".

Vüqar Bayramov qeyd edib ki, 2025-ci ildə Azərbaycan Özbəkistanla 893 məhsul növü üzrə ticarət əməliyyatları həyata keçirib:

"İdxalın 71 faizini qızıl məmulatları təşkil edib. Azərbaycan Özbəkistandan 508 milyon dollar dəyərində qızıl alıb. İxracda isə şəkər üstünlük təşkil edib. Belə ki, ötən il Özbəkistana 32 milyon dollar dəyərində ağ şəkər ixrac olunub. Digər əsas idxal məhsulları arasında tütün (32,6 milyon dollar), saflaşdırılmış misdən digər məftillər (21 milyon dollar), qabığı təmizlənmiş yunan qozu (13,6 milyon dollar), minik avtomobilləri üçün kuzovlar (12,4 milyon dollar) və qurudulmuş üzüm (9,1 milyon dollar) yer alıb.Azərbaycanın Özbəkistana ixracında şəkərlə yanaşı, emal olunmamış alüminium (11 milyon dollar), qaynaq edilmiş borular (1,7 milyon dollar), qabıqlı badam (1,4 milyon dollar), lak və boyaq maddələri (1,3 milyon dollar) da üstünlük təşkil edib".

Deputatın sözlərinə görə, Özbəkistanla ticarət dövriyyəsinin daha da artırılması prioritet istiqamətlərdəndir. Yaxın dövr üçün əsas hədəf isə iki ölkə arasında ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaqdır./“Yeni Sabah”


MANŞET XƏBƏRLƏRİ